CƏMİYYƏT
Oğuzda karantin qaydalarını pozan şadlıq sarayları və istirahət mərkəzlərinin sahibləri cərimələniblər
Bakı, 23 iyul, AZƏRTAC
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları şadlıq saraylarında və istirahət mərkəzlərində keçirilən toy mərasimlərində yoxlamalar aparıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, rayon ərazisində fəaliyyət göstərən “Mələk”, “Qızıl Tac” və “Kral” şadlıq evlərində keçirilən yoxlamalar zamanı toy məclisləri barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi aşkarlanıb. Həmin obyektlərin icarədarları və ya sahibləri - Afər İsmayılov, Yusif Yusifov və Bəxtiyar Güləhmədov inzibati məsuliyyətə cəlb olunaraq cərimələniblər.
Polis əməkdaşları tərəfindən keçirilən reydlər zamanı Bayan kəndi ərazisində yerləşən “Palma” istirahət mərkəzində keçirilən toy mərasimində isə müəyyən edilən say həddindən artıq qonağın iştirak etdiyi aşkarlanıb. Həmin obyekti işlədən Aydın Mikayılov barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.