Oğuzda “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyinin qalibi müəyyənləşib
Oğuz, 7 aprel, Mustafa Dadaşov, AZƏRTAC
“Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin aprelin 7-də Oğuzda keçirilən rayon mərhələsinin yarışları Nail İbrahimli adına şəhər 3 saylı məktəb-liseyin komandasının qələbəsi ilə başa çatıb. Oğuz rayon Gənclər və İdman İdarəsinin və rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə keçirilən yarışda 7 komanda mübarizə aparıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon Gənclər və İdman İdarəsindən məlumat verilib.
Bildirilib ki, yarış iştirakçıları əvvəlcə Şəhidlər xiyabanını ziyarət ediblər.
Yarışın rəsmi açılış mərasimində rayon gənclər və idman idarəsinin rəis müavini Şaiq Rüstəmov və Təhsil sektorunun müdiri Sərdar Nəbiyev çıxış edərək, aidiyyəti dövlət qurumlarının birgə təşkilatçılığı ilə ənənəvi olaraq keçirilən bu oyunların yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin daha da gücləndirilməsi məqsədi daşıdığını bildirib, komandalara uğurlar arzulayıblar.
Mərasimdə, həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin rayon bölmələrinin əməkdaşları iştirak ediblər.
Sonra yarışların startı verilib. Rayon birinciliyinin qalibi olan Nail İbrahimli adına Oğuz şəhər 3 saylı məktəb-liseyin komandası, eyni zamanda, yarışın zona mərhələsində iştirak etmək hüququ qazanıb. Oğuz şəhər 2 və 1 saylı tam orta məktəblərin komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Qalib komandalar diplomlarla təltif olunublar.