QAN YADDAŞI
Oğuzlular 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla yad etmişlər
Oğuz, 20 yanvar (AZƏRTAC). 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar Oğuz rayonunda anma mərasimləri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, faciənin ildönümü ilə əlaqədar əvvəlcədən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun idarə, müəssisə və təşkilatlarında, ümumtəhsil məktəblərində, mədəniyyət ocaqları və kitabxanalarda konfranslar, “dəyirmi masa”lar, ədəbi-bədii gecələr keçirilmiş, rəsm sərgiləri, fotoguşələr təşkil olunmuşdur.
Yanvarın 18-də rayonun bütün ümumtəhsil məktəblərində ilk dərslər Qanlı Yanvara həsr olunmuşdur.
Yanvarın 20-də rayon ictimaiyyətinin nümayəndələri səhər saatlarından başlayaraq Şəhidlər xiyabanına gələrək Vətənimizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş igid qəhrəmanların məzarları üzərinə gül dəstələri düzmüş, xatirələrini ehtiramla yad etmişlər.
Həmin gün rayonun məscidlərində şəhidlərin ruhuna dualar oxunmuşdur.