OKTYABRDA AZƏRBAYCANIN ƏN İRİ MODUL TİPLİ ELEKTRİK STANSİYASI İSTİFADƏYƏ VERİLƏCƏKDİR
Bakının 45-50 kilometrliyində inşa olunan 300 meqavat gücündə Səngəçal modul tipli elektrik stansiyası bu ilin oktyabrında istismara veriləcəkdir.
AZƏRTAC xəbər verir ki, bunu “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti Marlen Əsgərov bildirmişdir.
M.Əsgərov demişdir ki, hazırda Azərbaycanın ən iri modul tipli enerji obyekti olan “Səngəçal” elektrik stansiyasında sınaq işləri aparılır.
İndiyədək istifadəyə verilmiş ümumi gücü 452 meqavat olan modul tipli 5 stansiyadan fərqli olaraq, “Səngəçal” elektrik stansiyası qarışıq rejimdə, yəni həm qaz, həm də mazutla işləyəcəkdir.
Hazırda Şirvanda 750 meqavatlıq “Cənub” elektrik stansiyasının, Ləzə Dağ-Xizək İdman Kompleksinin elektrik enerjisi təchizatının təmin edilməsi məqsədi ilə 12 aqreqatdan ibarət ümumi gücü 104 meqavat olan “Quba” elektrik stansiyasının, 50 meqavatlıq “Füzuli” su elektrik stansiyasının və digər enerji obyektlərinin inşası davam etdirilir.