REGİONLAR
ÖLKƏDƏ QİDA VƏ EMAL SƏNAYESİ MÜƏSSİSƏLƏRİNİN SAYI ARTIR
Ölkəmizdə qida sənayesi yenidən qurulur. Sovet dövründən qalma böyük həcmli və enerji tutumlu, aşağı keyfiyyətli qida məhsulları istehsal edən müəssisələr yeniləri ilə əvəz olunur. Bu sahənin inkişafı iqlim şəraiti və istehsal imkanları ilə sıx bağlıdır. On bir iqlimdən doqquzunun mövcud olduğu Azərbaycanda ekzotik bitkilərdən tutmuş subtropik bitkilərə qədər, hamısı yetişdirilir. Deməli, həmin məhsula uyğun emal sənayesi, onun infrastrukturu qurulmalıdır. Elə etmək lazımdır ki, istehlakçı ilboyu bu məhsuldan istifadə etsin, istehsalçı maneəsiz xarici bazara çıxsın. Ona görə də dövlətimiz emal müəssisələrinin inkişafı üçün tədbirlər həyata keçirməyə başlamışdır. Təsadüfi deyildir ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda 2004-2008-ci illərdə aqrar sahədə üstünlük veriləcək istiqamətlərdən biri kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin inkişaf etdirilməsi göstərilmişdir. Bunun üçün Dünya Bankının və digər beynəlxalq qurumların köməyindən istifadə olunması və iş adamlarına hər cür şərait yaradılması nəzərdə tutulmuşdur.