ÖLKƏMİZDƏ ALTERNATİV ENERJİDƏN İSTİFADƏ İMKANLARI BÖYÜKDÜR
Ölkəmizin iqlim şəraiti günəş enerjisindən də istifadəni iqtisadi və ekoloji cəhətdən əlverişli olacağına əsas verir. İl ərzində günəşli saatlar ABŞ və Orta Asiyada 2500-3000 saat olduğu halda, Azərbaycan ərazsizində 2600-3200 saat təşkil edir. Günəş enerjisindən istifadə bölgələrdə istilik enerjisi problemini qismən həll edə bilər. Respublika ərazisindəki böyük silisium ehtiyatları yaxın gələcəkdə günəş enerjisindən istifadədə əsas texniki vasitə olan fotoelementlərin istehsalı üçün şərait yaradır.
Elmi praktiki tədqiqatlar əsasında müəyyən edilmişdir ki, Naxçıvan MR, Kür-Araz və Abşeronda gücü 100-150 kvt və 500 kvt olan səmərəli günəş elektrik stansiyasının quraşdırılması mümkündür.
Mütəxəssislərin fikrincə, zəngin termal su ehtiyatlarının da istilik enerjisi istehsalında geniş istifadəsi səmərəlidir. Böyük və Kiçik Qafqaz, Abşeron yarımadası, Talış dağ-yamac zonası, Kür çökəkliyi və Xəzəryanı-Quba ərazisindəki termal suların proqnozlaşdırılmış ehtiyatları sutka ərzində 245,6 min kubmetr təşkil edir.