Ölkəmizin bütün guşələrində keçirilən anım tədbirləri şəhidlərin xatirəsinə sonsuz sevgi və ehtiramın göstəricisidir
Bakı, 5 dekabr, AZƏRTAC
Şəhid adı bizlər üçün müqəddəsdir, onların xatirəsi daim qəlbimizdədir. Hər zaman da belə olacaq. Çünki məhz igid oğullarımız canlarından keçərək Azərbaycanı qələbəyə qovuşdurublar, xalqın 30 illik həsrətinə, nisgilinə son qoyublar. Ürəyi Vətən eşqi ilə döyünən igidlərimiz misilsiz qəhrəmanlıq nümunələri göstərərək torpaqlarımızı işğaldan azad ediblər. Dünən ölkəmizin hər yerində Vətən müharibəsi şəhidlərinin anım mərasimlərinin keçirilməsi onların xatirəsinə sonsuz ehtiramın nümunəsidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elşən Musayev deyib.
Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 4-də Şəhidlər xiyabanında Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini yad edib, onların ruhuna ehtiramlarını bildiriblər. Müzəffər Ali Baş Komandan Şuşanın işğaldan azad olunma xəbərini də məhz bu müqəddəs məkandan vermişdi. Çünki müharibənin əsas qəhrəmanları şəhidlərimizdir. Çünki bizlər doğma Qarabağımıza həmin mərd oğullarımızın sayəsində qovuşmuşuq. Azərbaycan Prezidenti çıxışlarında şəhidlərimizin qəhrəmanlıqlarını xüsusi qeyd edir, onlara hər zaman borclu olduğumuzu vurğulayır. Həqiqət də budur. Həmin qəhrəmanlara biz həqiqətən borcluyuq və onların xatirəsi son nəfəsimizə qədər bizim qəlbimizdə əbədi yaşayacaq.
Elşən Musayev qeyd edib ki, dünən saat 12-də hər birimiz bir dəqiqəlik sükutla şəhidlərimizi yad etdik. Əzəmətli mənzərə idi və bu, həm də bizim milli birliyimizin növbəti nümunəsi idi. Eyni zamanda, sosial şəbəkələrdə paylaşılan xəbərlər, şəhidlərimiz barədə verilən məlumatlar, səslənən və yazılan xatirələr bir daha onun sübutudur ki, xalqımız öz qəhrəmanları ilə fəxr edir. Dünən məscidlərdə, kilsələrdə və sinaqoqlarda anım mərasimlərinin keçirilməsi və şəhidlərin ruhuna dualar oxunması xalqımızın onlara olan dərin minnətdarlıq, sevgi və ehtiramının nümunəsidir. Tanrı bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin!