Ölkəmizlə bağlı 200-dək kitab Ukraynanın Kremençuk şəhər kitabxanalarına hədiyyə edilib
Kiyev, 3 sentyabr, AZƏRTAC
Azərbaycanın tarix və mədəniyyətini, ölkəmizdəki reallıqları, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətləri Ukraynanın geniş oxucu kütləsinə çatdırmaq məqsədilə bu ölkədə fəaliyyət göstərən kitabxanalara Azərbaycana dair kitabların təqdimatı davam etdirilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı Səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə çap olunan 14 növdə 200-ə yaxın kitab Kremençuk şəhər kitabxanaları üçün göndərilib. Bu kitablar Keremençuk İnkişaf İnstitutuna təqdim edilib. Azərbaycanın Ukraynadakı Səfirliyinin hədiyyə etdiyi kitablar bu institut vasitəsilə şəhər kitabxanalarına paylanılacaq. Təqdim olunan kitablar arasında Ukrayna dilinə tərcümə olunmuş Azərbaycanın klassik, müasir dövr şair və yazıçıların, o cümlədən səfir Elmira Axundovanın müəllifi olduğu kitablar, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin tarixi və milli dəyərlərinə dair əsərlər də var. Eyni zamanda, uşaqlar üçün Azərbaycan nağıllarına dair kitablar da təqdim olunub.
Qeyd edək ki, bir neçə gün öncə Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın iştirakı ilə Kiyevdə Səməd Vurğun adına kitabxanaya son zamanlar səfirlik tərəfindən Ukrayna dilində çap olunan 14 növdə 500-ə qədər kitab da hədiyyə edilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev