ÖLKƏNİN NƏQLİYYAT-YOL KOMPLEKSİNDƏ “EKOLOGİYA İLİ” ÇƏRÇİVƏSİNDƏ TƏDBİRLƏR DAVAM ETDİRİLİR
Bakı, 18 may (AZƏRTAC). Nəqliyyat Nazirliyindən bildirmişlər ki, “Ekologiya ili” çərçivəsində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) idarə və müəssisələri ətraf mühitin qorunması, ekoloji tarazlığın təmin olunması, qoruyucu meşə zolaqlarında mövcud yaşıllıqların artırılması ilə bağlı vaxtaşırı iməciliklər keçirir, ağaclar əkir, onlara aqrotexniki qulluq göstərirlər. Artıq dəmiryolçuların birgə səyi nəticəsində 12,6 hektar qoruyucu meşə zolağı bərpa edilmişdir.
Sumqayıt-Baş Güzdək mənzilində tingyetişdirmə məntəqəsinin yaradılması məqsədi ilə müəyyən edilmiş sahədə dəmir yolu müəssisələrinin və idarə aparatı işçilərinin iştirakı ilə keçirilmiş ağacəkmə kampaniyası zamanı 4 min 500 ağac əkilmişdir. Hazırda bu ərazinin qorunub saxlanması və suvarılması üçün 2 su maşını, 2 arxqazan traktorun alınması istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Ümumilikdə QSC üzrə bu ilin yaz əkini mövsümündə 22 min ağac və kol əkilmişdir.
Dəmir yolu nəqliyyatında ətraf mühitin qorunması və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə QSC-nin müəssisələri arasında keçirilən “Sağlam ətraf mühit, təmiz hava, təmiz su” müsabiqəsi çərçivəsində ərazilərdə abadlıq işləri aparılmış, təbii resurslardan səmərəli istifadə və ətraf mühitin mühafizəsi mövzusunda seminarlar təşkil olunmuşdur.
Müsabiqənin şərtlərinə uyğun olaraq müəssisələrdə əsas və yardımçı sexlər neft tullantılarından mütəmadi olaraq təmizlənir, havatəmizləyici qurğuların normal işləməsinə nəzarət edilir. Regionda mühüm strateji əhəmiyyət kəsb edən Ələt yuyucu-dezinfeksiyaedici stansiyasında vaqonların yuyulması və dezinfeksiya olunması üçün qazanxana yenidən qurulmuşdur. Burada “Taurus Dual” qazanı, isti suyun hazırlanması üçün 2 birtonluq “Boyler” və 100 kilovat gücü olan “Esencok” nasosları quraşdırılaraq istismara verilmişdir.