OMAN AZƏRBAYCANIN ƏDALƏTLİ MÖVQEYİNİ DAİM DƏSTƏKLƏYƏCƏKDİR
Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov məsləhətləşmələrin ölkələrimiz arasında siyasi dialoqun davam etdirilməsi baxımından vacib əhəmiyyət daşıdığını vurğulamışdır.
Oman Sultanlığı xarici işlər nazirinin müavini Bədr bin Həməd əl-Buseydi ölkəsinin Azərbaycan ilə bütün sahələrdə əlaqələri inkişaf etdirmək istəyində olduğunu diqqətə çatdıraraq, Dağlıq Qarabağ münaqişəsinin həllində Omanın daim Azərbaycanın ədalətli mövqeyini dəstəkləyəcəyini söyləmişdir.
Ölkələrimiz arasında beynəlxalq təşkilatlar, o cümlədən BMT və İslam Konfransı Təşkilatı çərçivəsində səmərəli əməkdaşlığın inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Tərəflər iqtisadi, ticarət, elm, mədəniyyət, turizm, səhiyyə, təhsil və s. sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulamış və bu baxımdan hüquq-müqavilə bazasının gücləndirilməsinin mühüm amil olduğunu qeyd etmişlər.
Görüşdə ölkələrimizin müxtəlif regional layihələr, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi çərçivəsində əməkdaşlığının davam etdirilməsinə dair razılıq əldə olunmuşdur.
Tərəflər siyasi məsləhətləşmələrin ildə bir-iki dəfə olmaqla, Məsqət və Bakıda keçirilməsinin əhəmiyyətini vurğulamışlar.