OMBUDSMAN APARATINDA AHILLAR GÜNÜNƏ HƏSR EDİLMİŞDƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
Ombudsman Elmira Süleymanova qeyd etmişdir ki, ahılların hüquqlarının müdafiəsi, onların həyat şəraitinin yaxşılaşdırılması dövlətin daim diqqət mərkəzindədir.
İnsan hüquqları üzrə müvəkkil BMT-nin inkişaf proqramlarında ahıllar probleminin geniş yer tutduğunu, 2002-ci ilin aprelində Madriddə BMT-nin ahıllar üzrə II Ümumdünya Assambleyasının keçirildiyini vurğulamışdır.
Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov, səhiyyə nazirinin müavini Sənan Kərimov, təhsil nazirinin müavini İradə Hüseynova, parlamentin deputatı Əkrəm Abdullayev və başqaları bildirmişlər ki, ahılların həyat şəraitini yaxşılaşdırmaq Azərbaycan dövlətinin yeritdiyi siyasətin mühüm tərkib hissəsidir.
Bildirilmişdir ki, bu məqsədlə 2001-ci il iyunun 22-də “Ahıllara sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, həmin sənəddə və “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə” Dövlət Proqramında ahılların cəmiyyətin sosial-iqtisadi həyatında iştirakının təmin edilməsi, onların sosial təminatı sahəsində hüquqlarının həyata keçirilməsi, sağlamlığının qorunması məsələləri öz əksini tapmış, ahıllar üçün hüquqi təminatlar müəyyənləşdirilmişdir.
Dəyirmi masa canlı diskussiya və fikir mübadiləsi ilə başa çatmışdır.