Ombudsman Aparatının əməkdaşları Naxçıvanda Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində olublar
Bakı, 14 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin ölkəmizdəki nümayəndəliyinin üzvləri Naxçıvan şəhərində yerləşən Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində olublar.
Bu barədə AZƏRTAC-a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Mərkəzdə əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün yaradılmış şərait və rəftar məsələlərinin araşdırılması, məcburi və könüllü qaydada saxlanılan şəxslərin hüquqlarının təmin edilməsi və sənədləşmənin aparılması vəziyyəti öyrənilib.
Sonra müəssisə rəhbərliyi və əməkdaşlarla maarifləndirici söhbət aparılıb, saxlanma şəraitinin daha da təkmilləşdirilməsi üzrə tövsiyələr verilib.