Ombudsman Aparatının kollektivi Ümummilli Liderin xatirəsini anıb
Bakı, 12 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva və Ombudsman Aparatının kollektivi Ulu Öndər Heydər Əliyevin anım günündə onun məzarını ziyarət ediblər.
Ombudsman Aparatının Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ümummilli Liderin məzarı önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.
Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı üzərinə tər güllər düzülüb, xatirəsi anılıb.
Daha sonra Ombudsman Aparatında anım tədbiri keçirilib.
Əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən ombudsman Səbinə Əliyeva müstəqil Azərbaycan dövlətinin yaradılması və inkişafında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb.
S.Əliyeva çıxışında Ulu Öndərin hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycanın bütün sahələrdə nail olduğu inkişaf, o cümlədən ölkəmizin beynəlxalq arenada tanıdılması, ölkəmizin haqq səsinin dünyaya çatdırılması istiqamətində gördüyü işlərdən danışıb. Ölkəmizdə ictimai-siyasi sabitliyin təmin olunmasının, iqtisadi inkişafın və hərtərəfli tərəqqinin təməlində Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyasının dayandığı qeyd olunub.
Bununla yanaşı, milli hərbi kadrların formalaşmasına göstərilən diqqət, müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, insan hüquqları sahəsində dövlət proqramlarının təsdiq olunması, Ombudsman təsisatının yaradılması və bütün bunların insan hüquq və azadlıqlarının təmini baxımından əhəmiyyəti diqqətə çatdırılıb.
Ombudsman ölkəmizdə milli və dini azlıqların mehriban şəraitdə yaşadıqlarını, Azərbaycanda tolerant və multikultural dəyərlərə böyük önəm verildiyini vurğulayaraq, bu siyasətin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edib.
Müvəkkil Ulu Öndər Heydər Əliyevin dövlətçilik ənənələrinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və bu siyasət nəticəsində Azərbaycanın qalib ölkəyə çevrildiyini bildirib.