OMBUDSMAN MACARISTANDA PAMİL SƏFƏROVLA GÖRÜŞMÜŞDÜR
Ombudsman aparatından AZƏRTAC-a bildirmişlər ki, müvəkkil Ramilin saxlanılma şəraiti ilə tanış olmuşdur. R.Səfərovun saxlanılma şəraitindən, səhhətindən, qidalanmasından və ona qarşı kobud rəftardan, hüquqlarının pozulmasından şikayəti olmamışdır.
Elmira Süleymanova Ramilə müxtəlif qurumların, təşkilatların onun taleyi ilə maraqlandığını, tərkibində dörd yüzdən çox təşkilatın birləşdiyi Azərbaycan Milli QHT Forumu tərəfindən onun hüquqlarının müdafiəsi üzrə əlaqələndirmə şurası yaradıldığını bildirmişdir.
Bir saatdan çox davam edən görüşün sonunda R.Səfərov ombudsman E. Süleymanovaya, Macarıstan ombudsmanına və həmin təsisatın ona baş çəkən, taleyi ilə maraqlanan əməkdaşlarına dərin təşəkkürünü bildirmişdir. Macarıstanlı həmkarları Azərbaycan ombudsmanına R.Səfərovun hüquqlarının təmin olunmasına, işə qanun çərçivəsində və ədalət prinsipləri əsasında baxılacağına inandıqlarını bildirmişlər.
Müvəkkil Elmira Süleymanova səfər çərçivəsində Azərbaycan-Macarıstan dostluq cəmiyyətinin prezidenti Svetlana Abdullayeva ilə də görüşmüş, cəmiyyətin fəaliyyəti və soydaşlarımızın problemləri ilə maraqlanmışdır.