Ombudsman Səbinə Əliyeva və Aparatın kollektivi Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib
Bakı, 10 noyabr, AZƏRTAC
Noyabrın 10-da Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Aparatın kollektivi Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının azad edilməsi ilə nəticələnən tarixi qələbə münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib.
Ombudsman Aparatından AZƏRTAC-a bildirilib ki, əvvəlcə Fəxri xiyabanda müstəqil Azərbaycanın memarı ulu öndər Heydər Əliyevin məzarı ziyarət edilib, xatirəsinə ehtiram ifadə olunub.
Daha sonra Ombudsman və Aparatın kollektivi Şəhidlər xiyabanı və II Fəxri xiyabanda Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin məzarlarını ziyarət edərək, onların xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Qurumun kollektivi Azərbaycanın inamlı qələbə qazanmasında xüsusi rəşadət göstərən Ordumuzun şəhid olmuş hərbi qulluqçularına rəhmət diləyir, yaralıların tezliklə sağalmasını arzu edir.