Ombudsman sərhəddə baş verən gərginliklə bağlı narahatlığını ifadə edib
Bakı, 28 iyul, AZƏRTAC
Ombudsman sərhəddə baş verən gərginliklə bağlı narahatlığını bildirib.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan-Azərbaycan dövlət sərhədində, Kəlbəcər rayonu istiqamətində gərginliyin yenidən artması, insanların xəsarət alması halları ciddi narahatlıq yaradır. Ermənistan Silahlı Qüvvələrinin atəş açması nəticəsində Azərbaycan tərəfinin hərbi qulluqçuları arasında həlak olan və yaralananlar olub.
Ermənistan tərəfinin Ermənistan-Azərbaycan dövlət sərhədində atəşkəsə məhəl qoymaması və iriçaplı silahlardan istifadə etməsi isə həmin ölkənin nəinki sülhyaratma prosesinə etinasız yanaşdığını, həmçinin bu prosesə ciddi maneə törətdiyini sübuta yetirir.
Bildirilib ki, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə təhdidlər qəbuledilməzdir. Tərəfimizdən mütəmadi şəkildə beynəlxalq hüququn tələblərinin xatırladılması və insan hüquqlarına hörmət olunması məqsədilə edilmiş çağırışlara baxmayaraq, Ermənistan bölgədə sülh və birgəyaşayış şərtlərinə hörmətsiz yanaşır.
Ombudsman Ermənistan tərəfini insanların həyat və sağlamlığının qorunması, dinc birgəyaşayışın təmin olunması üçün səylər göstərməyə, beynəlxalq ictimaiyyəti isə bu istiqamətdə zəruri çağırışlar etməyə dəvət edib.