OMBUDSMAN UŞAQ HÜQUQLARINA DAİR KONFRANSDA İŞTİRAK ETMİŞDİR
YUNİSEF-in təşkil etdiyi konfransda Avropa və Mərkəzi Asiya ölkələri uşaqlarının problemləri müzakirə olunmuşdur. Məruzəçilər Uşaq Haqları Konvensiyasının öz ölkələrində tətbiqi və burada uşaqların vəziyyəti barədə məlumat vermişlər.
E.Süleymanova Azərbaycanda uşaqların vəziyyətindən, ölkə ərazisinin beşdəbir hissəsinin erməni təcavüzü nəticəsində işğal olunmasından, bir milyon qaçqının və məcburi köçkünün üçdəbir hissəsini uşaqların təşkil etdiyindən və onların əsas hüquqlarının uzun illər boyu pozulduğundan, normal təhsil, səhiyyə xidmətləri və sair xidmətlər ala bilmədiklərindən söhbət açmışdır. Müvəkkil hazırda dövlətin qaçqınları və məcburi köçkünləri müasir infrastruktur, uşaq bağçası, məktəb və xəstəxanalarla təmin olunmuş qəsəbələrə köçürdüyü barədə məlumat vermişdir. O, müharibə və hərbi münaqişələrdən ziyan çəkən uşaqların taleyinə, onların əsas hüquqlarının təmin olunmasına xüsusi diqqət yetirilməsinin və regionda sülhün bərqərar edilməsinin zəruriliyini vurğulamışdır.
Konfrans iştirakçılarına Heydər Əliyev Fondunun “Qarabağ həqiqətləri” kitabı, erməni təcavüzü nəticəsində kütləvi zorakılığa məruz qalaraq qaçqına və məcburi köçkünə çevrilmiş, itkin düşmüş, əsir və girov götürülmüş azərbaycanlı uşaqların taleyindən bəhs edən disklər paylanmışdır.