OMBUDSMANLAR YUNANISTANA TOPLAŞACAQLAR
Tədbirdə müxtəlif ölkələrin dövlət qurumlarının və beynəlxalq qrumların insan hüquqlarının müdafiəsi ilə məşğul olan qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edəcəklər.
Mötəbər toplantıya dəvət olunmuş Azərbaycan Respublikasının insan hüquqları üzrə Müvəkkili Elmira Süleymanova sentyabrın 26-da Afinaya yola düşmüşdür.
Afina toplantısının keçirilməsi bu ilin aprel ayında Cenevrə görüşündə Milli İnsan Hüquqları Təsisatlarının Avropa Qrupunun məsləhətləşmələrindən sonra qərara alınmışdır. Tədbirin əsas məqsədi insan hüquqları sahəsində fəaliyyət göstərən qurumların Avropada insan hüquqlarının təşviqi, müdafiəsi və həyata keçirilməsində milli təsisatların rolunu müəyyənləşdirməkdir.
Dəyirmi masa işini uç sessiyada davam etdirəcəkdir. Sessiyalarda milli insan hüquqları təsisatları üçün Avropa səviyyəsində yeni imkanların müəyyənləşdirilməsi, terrorizmə qarşı tədbirləri həyata keçirərkən insan hüquqlarının nəzərə alınması məsələləri, həmçinin antiterrorizmə dair qanunvericilik məsələləri müzakirə ediləcəkdir.
Azərbaycan Ombudsmanı beynəlxalq tədbirdə cıxış edəcək, respublikamızda insan hüquq və azadlıqlarının həyata keçirilməsi sahəsində görülən işlər, əldə edilən nəticələr və aparılan islahatlar barədə məlumat verəcəkdir.