OPEC+ qlobal problemlər səbəbindən qarışıq hasilat dəyişiklikləri ilə üzləşib
Bakı, 12 iyun, AZƏRTAC
“S&P Global Commodity Insights” tərəfindən aparılan sorğuya əsasən, OPEC+ may ayında öz üzvləri arasında qarışıq hasilat dəyişiklikləri müşahidə edib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, OPEC-in doqquz üzvü, ilk növbədə, Nigeriya və İraqda hasilatın artması səbəbindən gündəlik xam neft hasilatı 100,000 barel (b/d) artaraq, ümumi hasilatını gündəlik hədəflərini 320,000 barel üstələyib. Digər tərəfdən, Rusiya, Qazaxıstan və Meksika kimi OPEC-ə daxil olmayan müttəfiqlər hasilatı azaldıb və alyansın ümumi hasilatının aylıq 40,000 barel azalaraq 41 milyon barelə düşməsinə səbəb olub.
Bu düzəlişlər ABŞ, Kanada və Qayana kimi OPEC+ alyansına daxil olmayan ölkələrdə hasilatın artması, Çindəki iqtisadi çətinliklər və kvotanın yerinə yetirilməsi ilə bağlı daxili fikir ayrılıqları fonunda neft bazarını sabitləşdirmək istiqamətində mübarizə aparıldığı bir vaxta təsadüf edir.
Bu dinamikanın fonunda Nigeriya və İraq neft oğurluğu kimi davamlı problemlərlə üzləşsə də, öz hasilatlarını əhəmiyyətli dərəcədə artırıblar. Qrup dəyişiklikləri və daxili rəqabət qabiliyyətinə görə BƏƏ və Qabon da hasilatı cüzi həcmdə üstələyiblər. Bu arada, geosiyasi gərginlik də istehsal qərarlarına təsir edib.
“S&P Global Commodity Insights” bildirib ki, İraq may ayında ifrat həcmdə hasilatı kompensasiya etmək barədə razılığa gəlsə də, onu sutkada 40,000 barel, cari hədəfindən isə 280,000 barel artıraraq gündəlik 4,28 milyon barelə çatdırıb. İraqın Kürdüstan bölgəsində cari neft hasilatı gündəlik 210 000 barel olaraq qiymətləndirilir.
Kvotaya tabe olmayan Meksika da OPEC+ hasilatının azaldılmasına kömək edib, köhnə yataqların azalması səbəbindən burada gündəlik 50,000 barel az neft çıxarılıb, eyni zamanda, Sudandan keçən Cənubi Sudanın yeganə ixrac boru kəmərinə dəyən ziyan on minlərlə barel neftin itirilməsi ilə nəticələnib.
Sorğuda vurğulanıb ki, OPEC+ qlobal neft bazarında əsas oyunçu olaraq qalır, dünya hasilatının təxminən 40 faizinə nəzarət edir, eyni zamanda, bazar dinamikası və daxili kvota uyğunluğu ilə bağlı davamlı təzyiqlərlə üzləşir. Onun növbəti əsas iclası avqustun 1-nə planlaşdırılıb və burada hasilatın tənzimlənməsi ilə bağlı əlavə qərarlar müzakirə olunacaq.
“S&P Global Commodity Insights” sonda qeyd edib: “Kvotadan artıq neft hasil edənlər iyunun sonuna qədər ilin birinci yarısında artan hasilatı kompensasiya etmək üçün planlarını təqdim etməlidirlər. Daha böyük bazar payı əldə etmək üçün 2016-cı ildə yaradılmış OPEC+ alyansı daha sonra avqustun 1-də alyansın hasilatına nəzarət edən Birgə Monitorinq Komitəsinin növbəti iclasını keçirəcək”.