“Osmanlı sənədlərində Azərbaycan toponimi” - elmi seminar
Bakı, 23 oktyabr, AZƏRTAC
Oktyabrın 23-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Osmanlı sənədlərində Azərbaycan toponimi” mövzusunda elmi seminar keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Seminarda institutun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Zülfiyyə Vəliyeva-Önlenin “Osmanlı sənədlərində Azərbaycan toponimi” mövzusunda məruzə dinlənilib. Z.Vəliyeva-Önlen məruzəsində Azərbaycan adının XVI əsrin sonundan XX əsrin əvvəlinə qədər Osmanlı dövlətinin qonşu ölkələr - Səfəvi, Qacar və Rusiya imperiyaları və eləcə də Azərbaycan xanları ilə apardığı diplomatik yazışmalarda, gizli məktublaşmalarda dəfələrlə qeyd olunduğunu bildirərək, Osmanlı sənədlərində bu adın “məmaliki-Azərbaycan”, “məmləkəti-Azərbaycan” və “vilayəti-Azərbaycan” şəkillərində keçdiyini qeyd edib. Məruzəçi Səfəvi dövləti zamanından Azərbaycanın həm cənub, həm də şimal əraziləri - Gəncə, Naxçıvan, İrəvan, Şamaxı, Şirvan və Təbriz əyalətlərinin “məmaliki-Azərbaycan” adı altında toplandığına görə həmin ifadənin öz əksini Osmanlı sənədlərində eyni şəkildə tapdığını, “məmaliki-Azərbaycan”ın mərkəzinin bəzən Təbriz, Xoy və bəzən isə Qarabağ xanlığı olaraq göstərildiyini vurğulayıb.
Alim “vilayəti-Azərbaycan” ifadəsinin də Səfəvilər zamanından istifadə edildiyini və Osmanlı sənədlərində tez-tez əks olunduğunu nəzərə çatdırıb.
Məruzədə Rusiya imperiyasının Şimali Azərbaycan ərazilərini işğal etməsindən sonra Osmanlı sənədlərində “məmaliki-Azərbaycan” adına rast gəlinmədiyi, lakin İranda - Qacar hakimiyyətində Azərbaycan vilayətinin öz varlığını davam etdirməsi səbəbi ilə həmin adın eyni formada - “vilayəti-Azərbaycan” şəklində sənədlərdə qeyd olunduğu bildirilib. Sonda məruzə ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.