Ötən il idxal edilən zərgərlik məmulatlarının dəyəri 15,6 milyon dollar olub
Bakı, 18 fevral, AZƏRTAC
Son zamanlar ölkə əhalisinin tələbatı daha çox xaricdə istehsal olunmuş və ölkəyə idxal edilən zərgərlik məmulatları hesabına ödənilir. Lakin bu məhsulların idxalı üzrə son illərin statistik göstəriciləri hesab edirik ki, reallığı əks etdirmir. Belə ki, 2019-cü il ərzində ölkəyə idxal olunan zərgərlik məmulatlarının dəyəri 15,6 milyon ABŞ dolları təşkil edib. Biz isə təxmin edirik ki, real bazar həcmindən dəfələrlə aşağı göstəricidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov "Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar" mövzusunda sahibkarlarla görüşdə deyib.
"Hesab edirik ki, göstəricilərin bu səviyyədə olması, idxal rüsumlarının çoxluğu, məhsul idxalçılarının vergidən yayınma məqsədilə əməliyyatların qeyri-leqal yollarla həyata keçirməsi ilə bağlıdır. Bir zamanlar, yəni 2000-ci illərin ilk onilliyində bütün Qafqaz regionunda zərgərlik məmulatlarının əsas satış bazasını Azərbaycan təşkil edirdisə, indi bu bazar itirilmiş vəziyyətdədir və ölkəmizin bu bazar payı daha çox Körfəz dövlətlərinə, Türkiyə və digər MDB ölkələrinə ötürülüb, hətta bəzi yerli şirkətlərimiz belə öz bizneslərini həmin ölkələrə köçürüb", - deyə KOBİA-nın idarə heyətinin sədri qeyd edib.