Özbəkistan dünya əhəmiyyətli ənənəvi kənd təsərrüfatı sistemlərinə qoşulacaq
Bakı, 20 iyul, AZƏRTAC
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Özbəkistan Kənd Təsərrüfatı Nazirliyi və Beynəlxalq “Zamin” İctimai Fondu ilə birlikdə ölkədə dünya əhəmiyyətli ənənəvi kənd təsərrüfatı sistemləri (The Globally Important Agricultural Heritage Systems - GIAHS) ilə əlaqədar FAO layihəsini həyata keçirir.
AZƏRTAC Özbəkistan mediasına istinadla xəbər verir ki, nüfuzlu GIAHS statusu almaq üçün ilk namizəd Fərqanə vadisinin Margilan vahəsindəki ipəkçilik sistemi ola bilər.
Layihə çərçivəsində Fərqanə vilayətində seminar keçirilib. Tədbirdə iştirak edən FAO, Kənd Təsərrüfatı Nazirliyi, Beynəlxalq “Zamin” İctimai Fondunun nümayəndələri, eləcə də milli və beynəlxalq ekspertlər layihənin məqsəd və vəzifələrini müzakirə ediblər.

Özbəkistanın demək olar ki, bütün bölgələrində landşaft və biomüxtəliflik, qida təhlükəsizliyi, kənd təsərrüfatı mədəniyyəti və ənənəvi həyat tərzinin əsasını təşkil edən yerli əhalinin ənənəvi biliklərinin unikal sistemləri mövcuddur. Nəşrlərdə vurğulandığı kimi, onlar xüsusi kənd təsərrüfatı metodları ilə fərqlənir və ölkənin müxtəlif iqlim mənzərələrinə uyğunlaşır, həmçinin ekoloji cəhətdən davamlıdır.
Qeyd olunur ki, Böyük İpək Yolu üzərində yerləşən Margilan vahəsinin sakinləri uzun müddətdir ki, müxtəlif növ barama və tut ipəkqurdu yetişdirilməsi, barama istehsalı, ipəkqurdu istehsalı və bənzərsiz dizaynı və rəngləri olan təbii parçaların istehsal edilməsi üçün bilik və bacarıqlarını təkmilləşdiriblər. FAO mütəxəssislərinin ilkin qiymətləndirməsinə əsasən, Margilandakı ənənəvi ipəkçilik sistemi GIAHS obyektlərinin statusu üçün ən sərt meyarlara cavab verir.
FAO-nun Özbəkistandakı nümayəndəsinin müavini Şerzod Umarovun sözlərinə görə, proqramın əsas məqsədi ölkənin kənd təsərrüfatı sistemlərinin qorunmasına töhfə verməkdir.