Özbəkistanın Vergi Komitəsində süni intellekt əsasında virtual köməkçi yaradılıb
Bakı, 17 iyul, AZƏRTAC
Özbəkistan Vergi Komitəsi vergi ödəyicilərinə sutkada 24 saat yardım göstərən “DavrOn” virtual köməkçisini tətbiq edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Özbəkistan Vergi Komitəsi məlumat yayıb.
Süni intellekt (AI) vasitəsi ilə yaradılan “DavrOn”un bilik bazasına Vergi Məcəlləsi, qaydalar, izahatlar və əmrlər, tənzimləyici qaydalar və təlimat sənədləri daxildir. Xidmət, həmçinin onlayn kassa, elektron rəqəmsal imza, elektron hesabatlar və digər xidmətlər ilə bağlı Vergi xidmətinin Çağrı mərkəzinə tez-tez verilən sualların cavabları haqqında məlumatları əks etdirir.
“DavrOn” sistemi, vergi və vergiqoyma məsələləri ilə bağlı lazımi məlumatlar və fərdi tövsiyələr verən səmimi və peşəkar məsləhətçidir. Virtual köməkçi özbək, rus və ingilis dillərindəki ünsiyyəti dəstəkləyir”, - deyə məlumatda qeyd olunur.

Virtual köməkçi Vergi Komitəsinin süni intellekt texnologiyalarından istifadə edən üçüncü xidmətidir.
2022-ci ildə vergi ödəyicilərinin “Face-ID” uzaqdan identifikasiya xidməti hazırlanıb və tətbiq edilib. Bu xidmət identifikasiyanı həqiqətən canlı insanın keçdiyini və fotoşəkildən istifadə edilmədiyini müəyyənləşdirir. Xidmətin auditoriyası bu gün 6 milyondan çox vergi ödəyicisinə yüksəlib. Onlar bu sistemdən “Soliq” mobil tətbiqi vasitəsilə faydalanırlar.
Digər AI xidməti isə yük nəqliyyat vasitələrinin monitorinq sistemində istifadə olunur. Kompüter nəzarəti modeli digər avadanlıqlar arasında yük maşınlarının axınını vurğulamaq üçün xüsusi kamera ilə çəkilmiş şəkillərdən istifadə edir.