İDMAN
Özbəkistanlı gimnast Oksana Çusovitina dünya kuboku yarışlarında birinci olub
Bakı, 2 aprel, AZƏRTAC
Bakıda keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarında Özbəkistan təmsilçisi Oksana Çusovitina birinci olub.
AZƏRTAC xəbər verir ki, qadın gimnastların dayaqlı tullanma üzrə final yarışlarında hakimlərdən 13,266 xal alan gimnast qızıl medala sahib olub. Eyni xala malik Macarıstan gimnastı Çenqe Marii Baçkai isə gümüş medalla kifayətlənib. Sloveniyalı Teya Belak 12,933 xalla dünya kuboku yarışlarını üçüncü pillədə başa vurub.
Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil etdiyi dördüncü beynəlxalq yarışda 34 ölkədən 145 idmançı qüvvəsini sınayır.
Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.
Ən güclü idmançıların çətin və əzmli mübarizəsinin canlı şahidi olmaq istəyən tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti 7 manat təşkil edir. Yarışlarda tamaşaçı qismində iştirak edəcək şəxslər etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatına və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədə, COVID-19-a qarşı peyvənd əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatına (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) malik olmalıdırlar.