Özbəkistanlı rektor: COP29 tarixi əhəmiyyətli tədbir olacaq
Bakı, 12 noyabr, AZƏRTAC
COP29 qlobal iqlim prosesləri ilə bağlı məsələlər kontekstində tarixi əhəmiyyətə malik olacaq və mən istərdim ki, bu tədbir çərçivəsində qəbul olunacaq qərarlar, o cümlədən Özbəkistan adından imzalanacaq sənədlər uğurla həyata keçirilsin.
Bu sözləri AZƏRTAC-a açıqlamasında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iştirakçısı, Daşkənddəki Orta Asiya Ətraf Mühitin və İqlim Dəyişikliklərinin Öyrənilməsi Universitetinin (Green University) rektoru Jasur Salixov deyib.
Rektor bildirib: “Əvvəla, icazə verin, Özbəkistan nümayəndə heyəti adından Azərbaycanı Bakıda COP29-a ev sahibliyi etmək şansı qazanması münasibətilə təbrik edim. Tədbir çox yüksək, əla səviyyədə təşkil olunub, burada canlı, işgüzar ab-hava var. Nəinki nazirlik layihələri çərçivəsində, həm də türk dövlətlərinin sammitindən gözləntilərimiz də bu yüksək səviyyələrdə sazişlərin qəbulu ilə bağlıdır. Bundan əlavə, təhsil sektorunu təmsil edən nümayəndələr olaraq, biz sosial sahədə tərəfdaşlar dairəsini genişləndirməyi gözləyirik və təbii ki, bu, xüsusilə təhsil məkanında yeni layihələri təqdim etmək imkanıdır. Biz təkcə ali təhsil seqmentini deyil, həm də elm, təhsil və istehsalın inteqrasiyasını daha geniş miqyasda gücləndirməyə imkan yaradan yeni universitetin və ekoloji təhsilin yeni formasının yaradılmasını gözləyirik”.