Özü bacılaşan, paytaxtı “qardaş”laşan Ermənistan…
Bakı, 18 yanvar, AZƏRTAC
İrəvan və Tehranın qardaş şəhərlər elan edilməsi haqqında hər iki şəhərin merinin saziş imzalayacağına dair məlumat yayılıb. Bu, fars-molla rejiminin əsl ermənipərəst simasını bir daha göstərir. Tehran rejimi Ermənistana hər zaman hər cür dəstək göstərib, onu qollayıb-qucaqlayıb. Ancaq, orası Yerevan deyil, İrəvandır! Üstəlik, Tehranda oturan rejim də özünə, gözünə bir balaca zəhmət versə, Tehran şəhərini kimlərin saldığını da öyrənmiş olar.
Bu barədə Beynəlxalq "Alaş" Ədəbiyyat Mükafatı laureatı, şair-publisist Əkbər Qoşalı AZƏRTAC-a açıqlamasında deyib.
O qeyd edib ki, qədim Azərbaycan şəhəri İrəvan və azərbaycanlıların saldığı Tehran şəhərini bu gün fars və haylar “qardaş” edirsə, bu, bizim böyük gələcək qarşısında bir şey ifadə etməz.
“Biz indi şahlanış dönəmində, İrəvan və Tehrandakı rejimlər - “layihə dövlət” yönəticiləri isə eniş dönəmindədir. “Qardaşlaşma”ları onları xilas etməz. Məgər Fransa-Ermənistan ifrat bacılaşması nəyəsə yaradımı? İndi, öz ağıllarına görə, Azərbaycan Respublikası dövləti və xalqının Qərbi Azərbaycan mövzusuna fokuslanmasına qarşı oynayırlar?
Günahsız müsəlmanlara atəş açmaq üçün gavur Ermənistana silah-sursat vermək, Qafanda konsulluq açmaq İran İslam Respublikası adlanan fars-molla rejiminə təsəlli verir? Təbii ki, acı təsəlliyə möhtac “xanədan” dağılmağa məhkumdur. Azərbaycan-Türk hökmdarlarından sonra yalnız uduzmaqla girələnən (indi) İran adlanan dövlət və adı üstündə məğlub Ermənistan saman çöpündən yapışmaqla deyil. Adi həqiqətləri hər iki rejimə başa salan lazım.