PAKİSTAN PREZİDENTİ ƏMİN ETMİŞDİR Kİ, ÖLKƏSİNİN STRATEJİ NÜVƏ SİLAHI CİDDİ NƏZARƏT ALTINDADIR
AZƏRTAC-ın xəbər verdiyi kimi, Pakistan Prezidenti Pərviz Müşərrəf Türkiyəyə rəsmi səfərini başa çatdırdıqdan sonra İsveçrənin Davos şəhərinə, Dünya İqtisadi Forumuna getmişdir. O, forumdakı çıxışında bildirmişdir ki, Pakistan məsuliyyətli dövlətdir, onun bütün nüvə və strateji vasitələri mühafizə və tam nəzarət altındadır.
Prezident demişdir ki, Pakistan hökuməti “nüvə silahını heç bir zaman yaymamış və yaymayacaqdır.” O, “şəxsi maliyyə maraqı güdən“ hər hansı bir alimin nüvə texnologiyalarının yayılmasında əli olub-olmadığı hallarını araşdırmaq niyyətindədir. Pərviz Müşərrəf demişdir: “Biz onlarla dövlət əleyhinə çıxan ünsürlərlə olduğu kimi rəftar edəcəyik”.