SİYASƏT
Pakistanlı ekspert: Ermənistan Azərbaycanla müharibəyə və son illər gərginliyə görə məsuliyyət daşıyır
![Pakistanlı ekspert: Ermənistan Azərbaycanla müharibəyə və son illər gərginliyə görə məsuliyyət daşıyır](/files/2022/3/1200x630/1665667734835514892_1200x630.jpg)
Qahirə, 13 oktyabr, AZƏRTAC
Pakistanlı ekspert, YFK beyin mərkəzinin icraçı direktoru Zaman Bacva ölkəsinin mətbuatında Azərbaycan və Ermənistan arasında münaqişənin tarixi və səbəbləri, həmçinin məntiqi nəticələri barədə məqalə ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, “Cənubi Qafqazda ölümcül müharibə zonası; Ermənistan Azərbaycan münaqişəsi” sərlövhəli məqalədə Qarabağı və ətraf rayonları 30 ilə yaxın müddətdə işğal altında saxlayan Ermənistanın danışıqları prosesində qeyri-konstruktiv mövqeyi, iki il əvvəl yeni müharibənin alovlanması və onun Azərbaycanın Qələbəsi ilə nəticələndiyi bildirilir.
Müəllif yazır: “Ən ölümcül münaqişə zonasını tarixən təhlil etdikdə görürük ki, bunun kökündə beynəlxalq miqyasda Azərbaycanın bir hissəsi kimi tanınan ərazilərin ermənilər tərəfindən işğalı faktı dayanır. Sovet İttifaqı bu iki ölkənin sərhədlərini öz maraqlarına uyğun dəyişdirib və bununla regionda gələcək münaqişənin toxumları səpilib. Həmin münaqişənin geosiyasi aspekti postsovet dövründə daha da mürəkkəbləşib və hər iki ölkənin müstəqilliyini elan etməsindən sonra aktiv fazaya keçib. Birinci Qarabağ müharibəsi humanitar və iqtisadi böhrana səbəb olub. Qarabağda ermənilərin elan etdikləri qondarma “respublika” isə Ermənistanın özü də daxil olmaqla heç bir dövlət tərəfindən tanınmayıb”.
Ekspert qeyd edir ki, son bir neçə ildə müharibənin yenidən alovlanması və davam edən silahlı toqquşmaların bütün məsuliyyəti yalnız Ermənistanın üzərinə düşür. “Müharibə Ermənistanın baş nazirinin Qarabağın dağlıq hissəsinin Ermənistanın bir hissəsi olduğu açıqlaması ilə başladı. Bu ritorik hərəkətin ardınca həmin ərazidə saxta seçkilər keçirildi. Ermənistanın bu təxribatçı hərəkətləri Azərbaycana ekzistensial təhlükə yaratmaqla yanaşı, keçmiş razılaşmaların bəndlərini də pozmuş oldu. Bu cür hərbi təhdidlər fonunda Azərbaycan müdafiə tədbirləri həyata keçirdi. Nəticədə Azərbaycan itirdiyi Qarabağ bölgəsini, o cümlədən Şuşa şəhərini uğurla işğaldan azad etdi”, - deyə məqalədə vurğulanır.
Z.Bacva qeyd edir ki, geosiyasi əhəmiyyətə malik olan Qarabağ ərazisi sülh və tərəqqi zonasına çevrilə bilər. Bu məsələdə Türkiyə aktiv rol oynayır və etnik-mədəni zəmində qardaşlıq bağı olan Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Eyni zamanda, Pakistan da bu ədalətli müharibədə Azərbaycanın yanında olub. Münaqişənin həlli hazırda dərinləşən qlobal enerji böhranına da müsbət təsir edib. Artıq Trans-Anadolu boru kəməri qazı Avropa ölkələri və Türkiyəyə daha ucuz qiymətlərlə təmin edir. Azərbaycan neft və qazla zəngin dövlətlərdən biridir və bu ölkənin strateji önəmi getdikcə artır.
Pakistanlı ekspert diqqətə çatdırır ki, Azərbaycanın Ermənistanla dayanıqlı sülh əldə etməsindən sonra regional əməkdaşlıq və iqtisadi tərəqqi daha da güclənə bilər. Vaxtilə Azərbaycandan ərazi cəhətdən ayrılmış Naxçıvana dəhlizin açılması isə bu prosesin ən mühüm komponentidir. Təəssüf ki, Ermənistan İkinci Qarabağ müharibəsindən sonra erməni silahlı dəstələrinin Qarabağdan çıxarılmasına dair üzərinə götürdüyü öhdəliyə əməl etmir. Bu, gərginliyin əsas səbəblərindən biridir və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir.
Müəllif sonda yazır: “Münaqişənin yenidən alovlanması Azərbaycanın neft və qaz ehtiyatlarının ixracından asılı olan dövlətlərin də maraqlarına ciddi zərbə ola bilər. Ermənistanın yeni təxribatları isə onun özünün məhvi ilə nəticələnəcək. Hər birimiz şahid olduq ki, son müharibədə Azərbaycan ən müasir silah və hərbi texnologiyalardan istifadə etməklə müasir müharibə diskursuna yeni meyar gətirdi, bu sahədə təkamülün bəhrəsi olan strateji düşüncə ilə Qələbə qazandı. Bu, düşmən tərəfini hədəf alan pilotsuz aparatları vasitəsilə insan tələfatının minimuma endirilməsi demək idi. Bundan sonra ermənilərin təxribatları nəticəsində daha çox insanın həlak olmasının qarşısının alınmasının yeganə yolu dayanıqlı sülhə nail olmaqdır”.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə