SİYASƏT
Pakistanlı nazir Azərbaycanın azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işləri barədə məlumatlandırılıb
Bakı, 15 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov Pakistanın İnkişafın Planlaşdırılması və Xüsusi Təşəbbüslər üzrə federal naziri Ahsan İqbal Çaudri ilə görüşüb.
Ölkəmizin Pakistandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı iki qardaş ölkə arasındakı yüksək münasibətlərdən məmnunluq ifadə edilib, hər iki ölkənin bütün platformalarda bir-birini dəstəklədiyi xüsusi qeyd olunub. Həmçinin X.Fərhadov Pakistan İslam Respublikasında çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılara səbəb olmuş şiddətli yağışların və daşqınların nəticələrinin aradan qaldırılması məqsədilə Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Hökuməti tərəfindən bu ölkəyə 2 milyon ABŞ dolları məbləğində yardım göstərildiyini diqqətə çatdıraraq, ölkəmizin qardaş Pakistanla həmrəy olduğunu ifadə edib.
Diplomat 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun torpaqlarımızı erməni işğalından azad etdiyini diqqətə çatdırıb və bu ərazilərdə Azərbaycan hökuməti tərəfindən aparılan sürətli bərpa-quruculuq işləri barədə naziri məlumatlandırıb.
Nazir Ahsan İqbal Çaudri ölkəmiz tərəfindən Pakistana göstərilən maddi yardıma və həmrəyliyə görə Azərbaycana dərin təşəkkürünü bildirib. O, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə apardığı genişmiqyaslı bərpa-quruculuq işlərini yüksək qiymətləndirib və azərbaycanlı məcburi köçkünlərin ən qısa zamanda doğma torpaqlarına qayıtmalarını arzuladığını söyləyib.
Görüşdə, həmçinin iki qardaş ölkə arasında müvafiq sahədə yüksək səviyyəli səfər mübadiləsinin həyata keçirilməsinin əhəmiyyəti qeyd olunub.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi də aparılıb.