Pan Gi Mun Ümumdünya Səhralaşma və Quraqlığa qarşı Mübarizə Günü münasibətilə müraciət etmişdir
Bakı, 18 iyun (AZƏRTAC). İyunun 17-də Ümumdünya Səhralaşma və Quraqlığa qarşı Mübarizə Günü qeyd olunmuşdur. Bu il o, “Yer kürəsi gələcəyə məxsusdur - onu iqlim dəyişmələrindən qoruyaq” şüarı ilə keçmişdir.
AZƏRTAC xəbər verir ki, BMT-nin Baş katibi Pan Gi Mun bu münasibətlə müraciət etmişdir. Müraciətdə deyilir ki, torpaqların münbitsizləşməsi təkcə həyat üçün mütləq əhəmiyyətli təbiət resurslarına təhlükə yaratmır. O, sülhü və sabitliyi təhlükə altına qoyur, çünki münbit torpaqlardan və getdikcə daha da qıtlaşan su mənbələrindən istifadə uğrunda mübarizəni kəskinləşdirir.
Pan Gi Mun dünya ərzaq malları bazarında, daxili yerdəyişmələrdə və kütləvi miqrasiyada qeyri-sabitlik olduğunu xatırladaraq demişdir ki, belə hallar torpaqların münbitsizləşməsi ilə bu və ya digər dərəcədə bağlıdır.
Son 25 ildə dünya quraqlıq təhlükəsinə daha meyilli olmuşdur. Proqnozlara görə, iqlim dəyişmələri nəticəsində quraqlıq daha geniş yayılacaq, ciddi və tez-tez təsadüf edilən hadisəyə çevriləcəkdir. Quraqlığın ekoloji sistem üçün uzunmüddətli nəticələri ağırdır, torpaqların münbitsizləşməsinin və səhralaşmanın sürətlənməsinə gətirib çıxaracaqdır. Yoxsullaşma, su resursları və məhsuldar torpaqlar üzündən lokal münaqişələrin yaranması təhlükəsi bu qəbildən olan nəticələrdəndir.
Quraqlığın qarşısını almaq çətin olsa da, onun nəticələrini yumşaltmaq mümkündür. Quraqlıq heç bir milli sərhəd tanımadığı üçün problem kollektiv yanaşma tələb edir. Hazırlıq tədbirləri təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına çəkilən xərclərlə müqayisədə minimum xərc tələb edir.
BMT-nin məlumatına görə, quraqlığa və səhralaşmaya məruz qalan ərazilərdə hazırda 1,5 milyarddan çox insan yaşayır. Üstəlik, onların əksəriyyəti fermerdir.
BMT dünya ölkələrinə müraciət edərək, iqlim dəyişmələrinə qarşı mübarizə aparmağa və torpaqları uğurla bərpa edən ölkələrin təcrübəsini öyrənməyə çağırır. Məsələn, Burkina-Faso, Niger və Mali kimi dövlətlər 5 milyon hektardan çox münbitsizləşmiş torpağı bərpa edə bilmişlər.