İDMAN
Paralimpiya çempionu: Azərbaycanı Parisdə layiqincə təmsil etmək qürurverici hissdir
Bakı, 10 sentyabr, AZƏRTAC
"Azərbaycanı Parisdə layiqincə təmsil etmək qürurverici hissdir".
AZƏRTAC xəbər verir ki, bu sözləri "Paris-2024" Yay Paralimpiya Oyunlarında paraatletika növündə T12 kateqoriyasında uzunluğa tullanmada qızıl medal qazanmış Azərbaycan idmançısı Səid Nəcəfzadə jurnalistlərə açıqlamasında deyib.
O, Paralimpiya Oyunlarında ilk dəfə qızıl medal qazandığını vurğulayıb: "Birinci Paralimpiadada bürünc medal əldə etmişdim. Bu dəfə qızılla əvəzləyə bildim. Çox xoşbəxtəm".
T13 kateqoriyasında uzunluğa tullanmada qızıl qazanan digər paraatlet Orxan Aslanov dəstəyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib: "Ürəyim doludur. Tokiodan sonra Parisdəki yarışda da qızıl qazandım".
Paraüzgücü Vəli İsrafilov bürünc medal qazandığı üçün xoşbəxt olduğunu bildirib: "Fərqli kateqoriyada çıxış edirdim. Gümüş medala yaxın idim. Təəssüf ki, alınmadı. Növbəti yarışlarda qızıl medal üçün çalışacağam".
Qeyd edək ki, “Paris-2024” Yay Paralimpiya Oyunlarında 7 idman növü üzrə 18 idmançı ilə təmsil olunan Azərbaycan 4 qızıl, 2 gümüş və 5 bürünc olmaqla ümumilikdə 11 medal qazanıb. Ölkəmiz medal sıralamasında 169 ölkə arasında 28-ci yeri tutub.