PARALİMPİYAÇILARIMIZ TAYVANDA KEÇİRİLƏN DÜNYA ÇEMPİONATINDA YÜKSƏK NƏTİCƏ GÖSTƏRMİŞLƏR
AZƏRTAC xəbər verir ki, sentyabrın 19-da Tayvanın Taypey şəhərində amputant və əlilarabalı paralimpiyaçılar arasında növbəti dünya çempionatına yekun vurulacaqdır. Çempionat sentyabrın 9-da start götürmüşdür.
Dünya çempionatında ölkəmizi “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin paralimpiyaçılarla iş şöbəsinin müdiri Asif Bayramovun, milli paralimpiya yığma komandasının baş məşqçisi Sergey Təhməzovun və məşqçi Bəxtiyar Zeynalovun rəhbərliyi altında 7 nəfər paralimpiyaçı təmsil edir.
Azərbaycan idmançıları çempionatda uğurla yarışaraq birinciliyin mükafatçıları sırasında olmuşlar.
Beynəlxalq yarışlarda ilk dəfə çıxış edən Oluxan Musayev yadro itələmədə 11,08 metr nəticə ilə çempionatın qızıl medalını qazanmışdır. Aleksandr Polişuk 200 metr məsafəyə qaçışda 23,95 saniyə, Fərhad Ömərov isə 100 metr məsafəyə qaçışda 11,98 saniyə nəticə göstərərək bürünc medallara sahib olmuşlar. Nizəatma yarışlarında yüksək nəticə nümayiş etdirmiş Hüseyn Həsənov da birinciliyin bürünc medalına layiq görülmüşdür.
Daha bir həmyerlimiz uzununatullanmada fərqlənərək çempionatın gümüş medalına yiyələnmişdir. Bu idman növündə yarışan Vüqar Adışirinovun da çıxışı uğurlu olmuşdur. İdmançımız yarışların bürünc medalına layiq görülmüşdür.