PARALİMPİYAÇILARIN HİMNİ HAZIRLANMIŞDIR
Sözləri və musiqisi, müvafiq olaraq, əməkdar incəsənət xadimləri Baba Vəziroğluna və Azər Dadaşova məxsus paralimpiyaçılar himni artıq hazırdır. M.Maqomayev adına Dövlət Filarmoniyasında Dövlət simfonik orkestrinin və Dövlət xor kapellasının məşqləri başa çatmış və himn səsyazma studiyasında diskə köçürülmüşdür.
Himnin orkestr variantı isə xalq artisti bəstəkar Siyavuş Kəriminin rəhbərliyi ilə hazırlanmışdır. Bu musiqi “Lider” TV-nin “Azadlıq” redaksiyası tərəfindən çəkilən filmdə də səsləndiriləcəkdir. Filmin təqdimatı 3 dekabr - Beynəlxalq Əlillər Gününə nəzərdə tutulmuşdur.
Xatırladaq ki, Beynəlxalq Əlillər Gününədək Komitənin internet saytı da hazırlanacaq və yubiley münasibətilə bir sıra idman tədbirləri həyata keçiriləcəkdir. “Paralimpiya hərəkatı” mövzusunda elan olunmuş plakat müsabiqəsinin qaliblərinin adları da həmin gün açıqlanacaqdır.