PARASETAMOLDAN SUİ-İSTİFADƏ ÖLÜMLƏ NƏTİCƏLƏNİR
1998-ci ildə ABŞ-da parasetomolun qeyri-düzgün qəbulu ilə bağlı qaraciyər disfunksiyalarının sayı belə xəstəliklərin ümumi sayının 28 faizini təşkil etmişdir. 2003-cü ildə ölkədə belə fəsadla nəticələnən disfunksiyalar 51 faizə çatmışdır.
Kəskin qaraciyər xəstəliklərini öyrənən qrupun – onun tərkibinə ABŞ-ın aparıcı universitetlərinin alimləri də daxil idi – apardığı tədqiqat zamanı 1998-2003-cü illərdə Amerika klinikalarına gətirilmiş 662 nəfərin xəstəlik tarixçəsi öyrənilmişdir. Onların 275-i ağrıkəsən dərmanların artıq dozada qəbul edilməsi nəticəsində zəhərlənmiş, 44 faizi özünü öldürməyə çalışmışdır. Ağrıkəsən dərmanlarla zəhərlənmələrin təxminən dörddə birində xəstələr ölmüşdür.
Alimlər xəbərdarlıq edirlər ki, 10 qram parasetamola bərabər dərman dozası qaraciyərin həyat üçün təhlükəli olan disfunksiyalarına gətirib çıxara bilər. Bundan əlavə, alimlər bu preparatın təhlükəli xassələri barədə əhaliyə xəbərdarlıq tədbirlərini gücləndirməyi təklif edirlər. Məsələn, Böyük Britaniyada belə tədbirlər görülməsi nəticəsində parasetamolla zəhərlənmə halları 30 faiz azalmışdır.