Paris Siyasi Elmlər İnstitutunun rəhbərliyi fələstinpərəst tələbələrə qarşı nəzarətdə ittiham olunur
Paris, 4 avqust, AZƏRTAC
Fələstinə dəstək aksiyalarında iştirak edən Paris Siyasi Elmlər İnstitutunun tələbələri barəsində intizam prosedurları çərçivəsində izlənilmə, gizli şəkildə fotoşəkillərinin çəkilməsi və sosial şəbəkələrdə fəaliyyətlərinin monitorinqi həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Mediapart” nəşrinin dərc etdiyi araşdırmada bildirilib.
“Mediapart” yazır ki, 2024-cü ildən indiyədək 48 tələbə barəsində intizam araşdırması aparılıb. Onlardan 13-ü intizam komissiyasının qərarınadək müvəqqəti olaraq universitetin binalarına girişdən məhrum edilib. Bu tədbirlərin əksəriyyəti sonradan ləğv olunsa da, ən azı 2 tələbə ilə bağlı qadağa qüvvədə qalıb. Araşdırmada həmin dövrdə institutda tələbə həyatı üzrə direktor olmuş Pyer Katalan əsas fiqurlardan biri kimi göstərilir.
Araşdırmada, həmçinin tələbələrin instaqram hesablarından götürülmüş şəkillərinin intizam işlərində sübut kimi istifadə edildiyi də yer alıb. “Mediapart”a danışan tələbələrdən biri bildirib ki, o, sosial şəbəkədə paylaşdığı ayaqqabılara bənzər ayaqqabılar əsasında əsassız şəkildə ittiham olunub. Daha sonra isə başqa bir tələbə həmin əməli törətdiyini etiraf edib.
İnstitutun rəhbərliyi “Mediapart”a ittihamların mahiyyəti barədə şərh verməkdən imtina edib. Bununla yanaşı, rəhbərlik Pyer Katalana dəstəyini ifadə edib.
Nəşr bildirir ki, hazırda bu məsələ ilə bağlı bir sıra intizam və məhkəmə prosesləri davam edir.