PARİSDƏ AŞPA KOMİTƏSİNİN İCLASI KEÇİRİLMİŞDİR
Əsas müzakirə mövzularından biri “Söz azadlığı və dini hüquqlara hörmət” məruzəsi olmuşdur.
Azərbaycanlı deputat həm bu məruzənin, həm də “Avropa ədəbiyyatının tədrisinin genişləndirilməsi” mövzusundakı məruzənin müzakirələrində fəal iştirak etmişdir.
“Söz azadlığı və dini hüquqlara hörmət” məruzəsinin gündəliyə çıxarılması heç də təsadüfi deyildi. Son vaxtlar baş vermiş karikatura qalmaqalı ilə yanaşı, ayrı-ayrı kütləvi informasiya vasitələrində dini heysiyyata toxunan yazıların da dərc edilməsi adi hala çevrilmişdir. Finlandiyalı deputat Sinnika Hurskainenin hazırladığı məruzə ətrafında müzakirələrə mütəxəssislər də dəvət olunmuşdu.
R.Hüseynov çıxışında demişdir ki, istənilən azadlığın həddi var. Söz azadlığı insanın təməl hüquqlarındandır. Lakin dini baxışlara hörmət mətbuatın başlıca vəzifələrindən biridir. Dini baxışlardan əlavə, milli hisslər və heysiyyat problemi də vardır. Bu məruzədə yalnız söz azadlığı ilə dini hüquqların kəsişmə nöqtələrindən danışılır. Amma ayrı-ayrı xalqların milli hüquqları, milli heysiyyatı da elə din kimi bir dünyagörüşüdür. Ona görə də milli hisslərə və heysiyyata hörmət məsələsi məruzədə mütləq əksini tapmalıdır. Bu kontekstdə R.Hüseynov dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların milli hisslərinin, milli heysiyyatının mətbuat səhifələrində qorunması məsələsini xüsusi vurğulamışdır.
İkinci məruzə ilə komitənin sədri, fransalı deputat Jak Löjandr çıxış etmişdir. İclasa dəvət olunmuş mütəxəssis, Avropa Yazıçılar Cəmiyyətinin rəhbəri Qay Fontayn bu istiqamətdə görülən işlər barədə məlumat vermişdir.
Müzakirələrdə çıxış edən R.Hüseynov demişdir ki, Avropa ədəbiyyatı, dünya ədəbiyatı Azərbaycanda daim tədris və təbliğ olunmuşdur. Avropa klassiklərinin, demək olar ki, böyük əksəriyyətinin əsərləri Azərbaycan dilinə tərcümə edilmişdir. Hazırda onların əsərləri ölkəmizdə həm orta, həm də ali məktəblərdə tədris olunur.
Deputat vurğulamışdır ki, Azərbaycan coğrafi mövqeyinə, tarixi inkişafına görə Şərqlə Qərbin qovuşuğunda yerləşən ölkədir. Buna görə də Azərbaycanda həm Şərq, həm də qərbyönlü ədəbiyyat və mədəniyyət inkişaf etmişdir. Azərbaycan ədəbiyyatı istər türk, ərəb, fars dillərində, istərsə də fransız, ingilis və alman dillərində yaradılmışdır. Azərbaycan ədəbiyyatının bir çox klassiki lap qədim dövrlərdə təkcə ölkəmizin milli sərvəti olmaq çərçivəsini aşmış, Avropanın və dünyanın mənəvi irs xəzinəsinə daxil olmuşdur. XX əsrin 30-40-cı illərindən başlayaraq Azərbaycanda Avropa ədəbiyyatının həm tərcüməsi və ali məktəblərdə tədrisi istiqamətində genişmiqyaslı iş aparılmış, həm də bu mövzuda müxtəlif dərsliklər yazılmışdır. Bu barədə dərsliklər, müntəxabatlar digər Avropa ölkələrində də mövcuddur. Deputatımız təklif etmişdir ki, bütün qitə üçün ortaq sayıla bilən klassikləri və bütün Avropanın sərvəti sayıla bilən əsərləri əhatə edən müştərək bir Avropa ədəbiyyatı dərsliyi yaradılsın. AŞPA-nın Elm, mədəniyyət və təhsil komitəsi də bu işin əlaqələndirilməsində iştirak etsin. Avropanın ən aparıcı mütəxəssislərinin iştirakı ilə yazılacaq belə dərslik həm Avropanın müxtəlif ölkələrində ortaq dəyərlərin formalaşmasına kömək edər, həm də mənəvi yaxınlaşmanı bir az da artırar. Lakin bu işin gerçəkləşməsi üçün ətraflı müzakirələr, mütəxəssislərin iştirakı ilə geniş diskussiyaların keçirilməsi zəruridir.
Azərbaycanlı deputat Avropa Şurası xətti ilə Bakıda belə bir diskussiyanın keçirilməsinin mümkünlüyünü və ölkəmizin bu işin təşkilində səylərini göstərməyə hazır olduğunu söyləmişdir.
Komitədə bu ideya razılıqla qarşılanmış və qərara alınmışdır ki, yaxın vaxtlarda təkliflər hazırlansın və bununla bağlı Bakıda konfransın təşkil edilməsi nəzərdən keçirilsin.
X X X
Həmin gün Elm, mədəniyyət və təhsil komitəsinin kütləvi informasiya vasitələri üzrə alt komitəsinin də növbəti iclası olmuşdur. İclasda əsas müzakirə mövzusu Rafael Hüseynovun hazırladığı “Jurnalistika təhsili və təcrübəsinin Avropa meyarları” adlı məruzə olmuşdur.
Məruzə bir neçə həftə öncə Avropanın və dünyanın bir sıra mühüm jurnalist təşkilatlarına göndərilmişdi. İclasda bildirilmişdir ki, Dünya Qəzetlər Assosiasiyası, 260 min jurnalisti birləşdirmiş Avropa Jurnalistlər Federasiyası, Avropa Yayım İttifaqı və sair təşkilatlardan məruzənin müddəalarını təqdir edən müsbət rəylər alınmışdır.
R.Hüseynov çıxışında gənc jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində jurnalistika təhsilində müasir texnologiyaların daha geniş tətbiqinin vacib olduğunu vurğulamışdır. O demişdir ki, mütəmadi treninqlərə və jurnalistika peşəkarlığının artırılmasına ən çox ehtiyac postsovet məkanında və yeni müstəqillik əldə etmiş dövlətlərdə duyulur. Deputat müstəqillik qazanmış dövlətlərdə jurnalistikanın inkişafı üçün bu səmtdə mühüm işlər görülməsində Avropa Şurasının geniş potensiala malik olduğunu, Strasburqun yeni jurnalistkanın təşəkkülünün mərkəzi rolu oynayacağını söyləmişdir.
Azərbaycanlı deputatın məruzəsinin bu ilin oktyabrında AŞPA-nın payız sessiyasının gündəliyinə çıxarılması nəzərdə tutulmuşdur. Ona görə də məruzənin bir qədər də təkmilləşdirilməsi üçün çox geniş jurnalistlər təbəqəsinin birgə iştirakı ilə sessiya ərəfəsində onun müzakirəsinin keçirilməsinin zəruriliyi vurğulanmışdır.
Deputatımız kütləvi informasiya vasitələri üzrə alt komitənin növbəti iclaslarından birinin Bakıda keçirilməsini, onun çərçivəsində də böyük bir konfransın təşkil olunması təklifini irəli sürmüşdür. Bu konfransa həm Azərbaycanın, həm də digər Avropa ölkələrinin jurnalistkasını təmsil edən şəxslərin dəvət olunması, ətraflı fikir mübadiləsi aparılması məqsədəuyğun sayılmışdır. Elm, mədəniyyət və təhsil komitəsinin iyun ayının son həftəsində Strasburqda keçiriləcək iclasında konfransın tarixinin dəqiqləşdirilməsi qərara alınmışdır.
İlkin mülahizələrə görə konfrans sentyabrın sonu - oktyabrın əvvəllərində keçirilə bilər. AŞPA-ya daxil olan dövlətlərarası bölmənin də jurnalistlərin treninqləri ilə əlaqədar Bakıda bir toplantı keçirmək niyyəti vardır. Hazırda konfransla bu toplantının eyni vaxtda keçirilməsi məsələsi müzakirə edilir. Bu halda, müzakirələr geniş ola bilər və daha səmərəli nəticələr verər.