Paşinyanın absurd yalanlarındakı “qırmızı xətt”

Bakı, 20 fevral, AZƏRTAC
Dövlət məmuru ictimai çıxışlarında hamıya məlum olan həqiqətləri təhrif edərək qırmızı yalanlar danışmağı özünə rəva görməz. Xüsusilə də həmin dövlət məmuru hər hansı ölkənin lideridirsə, belə yalanlardan, ümumiyyətlə, çəkinər. Ermənistanın baş naziri Nikol Paşinyanın absurd yalanlarla bağlı “qırmızı xətti” yoxdur. Bu fakt bir daha onu göstərir ki, N.Paşinyan ölkə lideri olmağı bacarsa da, hələ də dövlət məmuru ola bilməyib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müəllimi Ayşən Aslan-Məmmədli söyləyib.
“Keçək mətləbə. Bir neçə gün əvvəl Münxen Təhlükəsizlik Konfransında Azərbaycan və Gürcüstan liderlərinin də qatıldığı, Qafqazda təhlükəsizlik problemlərinin müzakirə olunduğu paneldə Ermənistanın baş naziri iddia etdi ki, Qarabağdakı məscidləri ermənilər deyil, vaxtilə sovet hökuməti dağıdıb. Ermənistanın ölkəmizin maddi-mənəvi irsinə qarşı həyata keçirdiyi vandallıq aktları torpaqlarımızın işğalı dövründə olub və faktlara əsasən sənədləşdirilib. Təsəvvür edin, N.Paşinyan ən yeni tariximizdə baş verən və bir xalqın mənəvi irsinə qarşı törədilmiş cinayətkar fəaliyyəti (vandalizm nümunələri ortada ola-ola) utanc hissi keçirmədən inkar edir. Açığı, cəmiyyət olaraq erməni yalanlarına öyrəşdiyimizdən N.Paşinyanın bu fikirləri bizi o qədər də təəccübləndirməməli idi. Sadəcə olaraq, Ermənistanın baş nazirinin hüdudsuz yalanlarını mötəbər beynəlxalq platformada səsləndirməsi, necə deyərlər, “barıtı bir xeyli çox etməsi” diqqəti cəlb etdi”,- deyə o vurğulayıb.
Bildirilib ki, Ermənistan torpaqlarımızı işğalı edərək 700-dək tarixi abidəni, 22 muzeyi, 927 kitabxananı, 900-dək qəbiristanlığı, nəhayət, 65 məscidi dağıdıb. Təbii ki, bütün bunları Ermənistan səbəbsiz etməyib, onların məqsədi azərbaycanlıların bu torpaqlarda olan mənəvi-mədəni izlərini silmək olub. Onu da əlavə edək ki, ermənilər vaxtilə indi Ermənistan adlanan Qərbi Azərbaycan torpaqlarında da mənəvi irsimizə qarşı eyni münasibəti göstəriblər.
Beləliklə, Ermənistan 1990-cı illərin əvvəllərindən ölkəmizə qarşı təcavüzkar müharibəyə başlayıb və torpaqlarımızın 20 faizini işğal edərək bu ərazilərdə yaşayan insanlarımızı etnik təmizləməyə məruz qoyub. Həmçinin 800 min soydaşımızı öz yurdlarından zorla çıxaran, onları elementar insan hüquqlarından məhrum edən bir dövlət bu illər ərzində həm də mənəvi irsimizi məhv etməyə çalışıb.
“Qeyd olunan bu əməllərin hər biri ağır beynəlxalq hüquqi cinayətdir. Ermənistan dövləti bütün bu cinayətlərinə görə beynəlxalq məhkəmələrdə cavab verməlidir. Necə ki, zamanında nasistlər insanlıq əleyhinə etdikləri cinayətlərə görə Nürnberq tribunalında cavab vermişdilər. Cinayətlərə müəlliflik etmiş ölkənin baş naziri bütün olanlara görə üzr istəmək və məsuliyyət daşımaq əvəzinə Azərbaycan Prezidentinin haqlı ittihamları qarşısında gülünc hekayələr uydurur, faktları təhrif edir.
Görünən odur ki, regionda davamlı sülhə nail olmaq və ədaləti bərpa etmək üçün hələ çox işlər görməli olacağıq. Ancaq başqa yolumuz da yoxdur, etməliyik”, - deyə Ayşən Aslan-Məmmədli vurğulayıb.