PAYIZ-QIŞ MÖVSÜMÜNƏ HAZIRLIQ İŞLƏRİ GÖRÜLMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, dekabrın 9-da Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın geniş iclasında payız-qış mövsümünə hazırlığın yekunları müzakirə olunmuşdur. Qeyd edilmişdir ki, qışa hazırlıqla əlaqədar cari ilin on bir ayı ərzində rayonun daxili imkanları və hami təşkilatların hesabına istilik, qaz, su, elektrik və digər xidmət sahələri üzrə 4 milyard manatlıq iş görülmüşdür. Aparılmış təmir-bərpa işləri nəticəsində 150 bina istiliklə təmin olunmuş, 14 ümumtəhsil məktəbi mərkəzləşdirilmiş istilik sisteminə qoşulmuş, 6 məktəbdə isə fərdi qazanxana quraşdırılmışdır. 34, 45 və 73 nömrəli məktəblərin daxili istilik sistemləri, 39, 258 və 304 nömrəli məktəblərin dam örtüyü təmir edilmişdir. Rayonun ərazisində 1800 metr uzunluğunda su borusu, 1167 metr uzunluğunda yağış suyu axıdan borular, 200-ə yaxın qapı və pəncərə dəyişdirilmiş, ümumilikdə, 10 min 156 kvadratmetr dam örtüyü təmir olunmuş, 40 min kvadratmetr sahəyə asfalt salınmışdır.
Şurada qacqın və məcburi köçkünlərin məskunlaşdığı ünvanlarda qışa hazırlığın vəziyyəti də müzakirə olunmuşdur.
Sonda müzakirə zamanı səslənmiş təkliflərlə əlaqədar konkret tapşırıqlar verilmişdir.