Paytaxt məktəblərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Bakı, 26 fevral, AZƏRTAC
Təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərində Xocalı soyqırımının otuz ikinci ildönümünə həsr edilən tədbirlər keçirilib. Tədbirlər Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, tədbirlərdə böyüməkdə olan nəslə XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib, Xocalı faciəsinin Azərbaycanın ictimai-siyasi fikir tarixində əsas yerlərdən birini tutduğu, onun dünyaya tanıdılması işinin dövlətimizin daim diqqət mərkəzində olduğu bildirilib.
Vətən müharibəsində şanlı Qələbənin qazanılması, lokal xarakterli antiterror tədbirləri nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə və Əsgəranda üçrəngli bayrağımızın ucaldılması ilə ölkəmizin suverenliyinin bərpasının tam təmin olunmasının qürurverici hiss olduğu, torpaqlarımızın işğaldan azad olunması ilə bütün şəhidlərimizin, o cümlədən Xocalı qurbanlarının qanlarının yerdə qalmadığı şagirdlərin diqqətinə çatdırılıb.
Həmçinin təhsil müəssisələrində soyqırımı şahidləri, həlak olmuş şəxslərin ailə üzvləri ilə görüşlər təşkil edilib. Xocalı soyqırımına həsr olunan xüsusi dərslər, ədəbi-bədii kompozisiyalar, şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri keçirilib, sənədli və bədii filmlər nümayiş olunub.