İQTİSADİYYAT
PEKİNDƏ AZƏRBAYCAN-ÇİN İQTİSADİ FORUMU KEÇİRİLƏCƏK
Ölkəmizin Çin Xalq Respublikasındakı səfirliyindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, 2003-cü ilin aprelində Pekində Azərbaycan-Çin iqtisadi forumunun keçirilməsi barədə razılıq əldə olunmuşdur. Onu Azərbaycanın Çindəki səfirliyi, Ümumçin Sənaye İşçiləri və İş Adamları Konfederasiyası, Çin İqtisadi İnkişaf Nazirliyinin mətbu orqanı olan “Ümumçin Ticarət-sənaye qəzeti” təşkil edəcəklər. Forumda tematik çıxışlar, iki ölkənin dövlət strukturlarının məsul işçilərinin, iş adamlarının, alim və mütəxəssislərin iştirakı ilə “dəyirmi masa”ların keçirilməsi, Azərbaycanda iqtisadi fəaliyyəti təmzimləyən qanunlar və normativ aktlardan ibarət toplunun təqdimatı və s. tədbirlər nəzərdə tutulur.
Forum ərəfəsində və onun gedişində Çin mətbuatında Azərbaycanın siyasi-iqtisadi həyatı və mədəniyyəti haqqında məqalələr dərc olunacaq, televiziya ilə müxtəlif mövzularda verilişlər göstəriləcəkdir.
Səfirliyin məlumatında daha sonra deyilir ki, Azərbaycan Respublikasının səfiri Yaşar Əliyev bu yaxınlarda Don Yinq şəhəri (Şandun əyaləti) bələdiyyəsinin dəvəti ilə orada səfərdə olmuşdur. Azərbaycan diplomatı şəhərin meri, Neft Akademiyasının, İqtisadi inkişaf komitəsinin rəhbərliyi ilə görüşmüş, neft mədənlərinə neft maşınqayırması zavodlarına getmişdir.
Görüşlər zamanı Çin ilə Azərbaycan arasında dostluq əlaqələrinin qədim tarixindən söhbət açılmış, 1994-cü ildə Prezident Heydər Əliyevin Çinə rəsmi səfəri zamanı hərtərəfli əməkdaşlığın təməlinin qoyulduğu bildirilmiş, eyni zamanda qarşılıqlı münasibətlərin perspektivləri müzakirə olunmuşdur.
Səfir Yaşar Əliyev Don Yinq şəhərinin fəxri vətəndaşı adına layiq görülmüş və bu adı alan ilk əcnəbi kimi ona 1 nömrəli diplom təqdim edilmişdir.