İQTİSADİYYAT
Pərakəndə ticarət şəbəkəsində istehlakçılara 45 milyard manatlıq məhsul satılıb
![Pərakəndə ticarət şəbəkəsində istehlakçılara 45 milyard manatlıq məhsul satılıb](/files/2022/3/1200x630/1670857362951038351_1200x630.jpg)
Bakı, 12 dekabr, AZƏRTAC
Cari ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 45 milyard 111 milyon manatlıq, o cümlədən 25 milyard 354,3 milyon manatlıq məhsul satılıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3 faiz, qeyri-ərzaq malları üzrə 3,8 faiz artıb. Bu ilin yanvar-noyabr aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,7 faizi ərzaq məhsullarının, 14,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 2,1 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,4 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Cari ilin yanvar-noyabr aylarında qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,9 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil edib. Keçən ilin yanvar-noyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 3,1 faiz, fərdi sahibkarlar üzrə 2,4 faiz, bazar və yarmarkalarda 4 faiz artıb. Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 407,4 manatlıq, o cümlədən 229 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 178,4 manatlıq qeyri-ərzaq malları alıb.