Peruda etirazçılar növbədənkənar seçki keçirilməsini tələb edirlər
Bakı, 12 dekabr, AZƏRTAC
Perunun cənubunda növbədənkənar seçki keçirilməsini tələb edən nümayişçilər Apurimak regionunda Andauaylas aeroportunu zəbt edərək onlarca insanı orada saxlayırlar.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin bir neçə departamentində aeroportları idarə edən “CORPAC” şirkəti məlumat yayıb. Məlumatda Andauaylas aeroportunun bağlandığı bildirilir. Qeyd edilib ki, etirazçılar yanacaq anbarını yandırıblar, 50 polis və “CORPAC” əməkdaşlarının olduğu terminalı mühasirəyə alıblar. Şirkət hazırda “girov saxlanılan” insanları azad etmək üçün hakimiyyət orqanlarını əlavə qüvvələr göndərməyə çağırıb. Yerli KİV-in məlumatına görə, iğtişaşlar zamanı 20-yə yaxın adam xəsarət alıb.
Perunun bir neçə regionunda etiraz aksiyaları keçirilir. Etirazçılar parlamentin fəaliyyətini dayandırmağı və ümumi seçkilərin vaxtından əvvəl keçirilməsini tələb edirlər. Dekabrın 10-da yeni Prezident Dina Boluarte mövcud vəziyyətdən sülh yolu ilə çıxmaq üçün vətəndaşları hakimiyyətlə dialoqa çağırıb.
Xatırladaq ki, Peru parlamenti dekabrın 7-də Xose Pedro Kastilyo Terronesi hakimiyyətdən uzaqlaşdırıb. Prezident isə Konqresin (parlament) buraxıldığını və ölkədə komendant saatı tətbiq olunduğunu elan edib. Lakin hərbçilər və polislər Konqresi dəstəkləyib. Qanunvericilər səsverməni ləğv etməyib və dövlət başçısının istefasını təsdiqləyib, Perunun birinci vitse-prezidenti Dina Boluarte dövlət başçısı qismində and içib.