Poliatlon çoxnövçülüyü üzrə Bakı çempionatına yekun vurulub
Bakı, 27 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən payız çağırışına həsr olunmuş Vətənin Müdafiəsinə Hazıram poliatlon çoxnövçülüyü üzrə paytaxt çempionatı keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, çağırışa qədər və çağırış yaşlı gənclərin ümumi və xüsusi fiziki hazırlıq səviyyələrini müəyyən etmək və yüksəltmək, gənclərdə vətənpərvərlik ruhunun aşılanması məqsədilə keçirilən çempionatda 17-19 yaşlı yeniyetmə və gənclər 100 və 1000 metr məsafələrə qaçış, turnikdə dartınma və qumbara atma yarışlarında güclərini sınayıblar.
Yekun nəticələrə əsasən, komanda hesabında Nərimanov rayon birinci olub. Nizami rayonu yarışı ikinci, Xətai rayon komandası isə üçüncü pillədə başa vurub. Şəxsi hesabda Kamran Səfərov (Nərimanov rayonu) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Murad Paşayev (Nizami rayonu) ikinci, Turan Əmrəliyev (Nərimanov rayonu) isə üçüncü pillədə qərarlaşıblar.
Komanda və şəxsi hesabda fərqlənən idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.
Bakı çempionatında ilk iki yeri tutmuş komanda noyabrın 7-də Xaçmazda keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanıb.