REGİONLAR
Polis Köhnə Xaçmaz kəndinin ərazisini xüsusi nəzarətə götürüb VİDEO
Xaçmaz, 2 iyun, Elxan Yusifli, AZƏRTAC
Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin qaydaları yumşaldılsa da, son bir neçə gündə Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində sakinlər arasında yeni növ koronavirusa yoluxma halları qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları pandemiyanın rayon ərazisində aşkarlanmasına operativ reaksiya verərək, adıçəkilən kəndin ərazisini xüsusi nəzarətə götürüblər. Polis əməkdaşları tərəfindən dərhal qabaqlayıcı tədbirlər görülüb.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən kənd sakinləri ilə maarifləndirici və izahedici söhbətlər aparılıb, sosial məsafənin qorunması üçün lazımi tədbirlər yerinə yetirilib. Həmçinin marşrut xətləri ilə hərəkət edən bütün avtobuslara nəzarət gücləndirilib, maskasız hərəkət edən sakinlərə tibbi maskalar paylanılıb.