Politoloq: Ərazilərimizin minalanması Qarabağın inkişafını ləngidir
Bakı, 16 dekabr, AZƏRTAC
2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatdan sonra hələ də erməni terroru Azərbaycandan can almağa davam edir. Çünki işğal dövründə Ermənistan silahlı qüvvələri işğal etdikləri ərazinin perimetri boyunca çoxsaylı piyada və tank əleyhinə minalar basdırıblar. Bu gün Qarabağ və Şərqi Zəngəzur dünyanın minalarla çirklənmiş ən təhlükəli zonalarından biri hesab olunur. Digər tərəfdən Kəlbəcərdə baş vermiş mina partlayışı da onu deməyə əsas verir ki, Ermənistan tərəfi ərazilərə minalar basdırıb. Xüsusilə vurğulamaq lazımdır ki, 10 noyabr Bəyanatına görə, Ağdam, Laçın və Kəlbəcər rayonları Azərbaycana qaytarılmalı idi və bu razılaşmaya görə bir güllə atılmadan rayonlar Azərbaycanın nəzarətinə keçməli idi. Lakin həmin dövrdə Ermənistan silahlı qüvvələri evləri yandırmağa, əraziləri minalamağa, mal-qaranı tələf etməyə və ərazidə müxtəlif vandallıq, barbarlıq hərəkətləri etməyə yönəldilər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq İlyas Hüseynov söyləyib.
O qeyd edib ki, eyni zamanda, Kəlbəcərlə bağlı əlavə vaxt istənildi və həmin vaxtı da məhz elə mina basdırmağa həsr etdilər. Kəlbəcərin Susuzluq kəndi yaxınlığında həm də bizim media əməkdaşları da bu xain minaların qurbanına çevrildilər. AZƏRTAC-ın və Azərbaycan Televiziyasının əməkdaşları da həmin minaların qurbanı oldular.
İlyas Hüseynov deyib ki, bu gün də bu terror davam etdirilir və Azərbaycan beynəlxalq müstəvidə mina təhlükəsi olması ilə bağlı beynəlxalq konfranslar simpoziumlar, toplantılar, seminarlar keçirir. Bu fəaliyyətin bir nəticəsi mütləq şəkildə olmalıdır. Eyni zamanda, təəssüflər olsun ki, Azərbaycana bu sahədə ixtisaslaşmış qeyri-hökumət təşkilatları, beynəlxalq qurumlar, institutlar yardım etmirlər. Bu da qərəzli münasibətin, ikili standartların, ayrı-seçkiliyin, selektiv yanaşmanın bir göstəricisidir. Azərbaycan öz dövlət büdcəsi hesabına bu genişmiqyaslı fəaliyyəti icra edir. Hektarlarla ərazi minalardan təmizlənir və aparılan çoxşaxəli fəaliyyəti nümayiş etdirmək üçün əraziyə ANAMA əməkdaşları, diplomatik korpusun nümayəndələri, səfirlər dəvət edilərək ərazidə nə boyda böyük təhlükənin olduğu nümayiş etdirilir.
“Ümid edirik ki, ərazilərimiz tezliklə minalardan təmizlənəcək. Önəmli məsələ bundan ibarətdir ki, ərazilərin minalanması həm infrastruktur layihələrinin həyata keçirilməsinə mane olur, həm də Qarabağın inkişafını ləngidir. Nəzərə almaq lazımdır ki, minalar kənd təsərrüfatına yararlı ərazilərdə basdırılıb və bu da ölkəmizin çoxşaxəli inkişafına əngəl törədən məqamlardan biridir”, - deyə İlyas Hüseynov diqqətə çatdırıb.