Politoloq: İnnovativ inkişaf Azərbaycan–Almaniya əməkdaşlığının əsas sütunlarından biri olacaq
Bakı, 24 iyul, AZƏRTAC
Almaniya Avropanın aparıcı iqtisadiyyatı, Azərbaycan isə Cənubi Qafqazın lider dövləti olmaqla yanaşı, Mərkəzi Asiya ölkələri ilə birlikdə formalaşan yeni geosiyasi sistemin əsas iştirakçılarından biridir. Azərbaycanın arxasında böyük geoiqtisadi potensial dayanır. Avropa İttifaqı və Almaniya Azərbaycanı artıq yalnız enerji mənbəyi kimi deyil, etibarlı strateji tərəfdaş kimi qiymətləndirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Onun sözlərinə görə, Azərbaycanın yaratdığı müasir logistika habı Avropa ilə Mərkəzi Asiya arasında yükdaşımaların və ticarət əlaqələrinin genişlənməsində həlledici rol oynayacaq. Bu baxımdan Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması strateji tərəfdaşlığın institusional əsaslarını formalaşdıran mühüm addımdır. Əməkdaşlığın genişlənməsi sistemli koordinasiya tələb edir. Biznes Şurası iqtisadi, investisiya və texnoloji əməkdaşlığın planlı şəkildə inkişafına, mövcud imkanlardan daha səmərəli istifadəyə xidmət edəcək.
Politoloq bildirib ki, Almaniyanın Azərbaycana baxışı da keyfiyyətcə dəyişib.
"Əgər əvvəllər Almaniya üçün əsas maraq enerji resursları və tranzit imkanları idisə, bu gün Azərbaycan tamhüquqlu və bərabərhüquqlu strateji tərəfdaş kimi qəbul olunur. Artıq əməkdaşlıq iqtisadiyyat, ticarət, Orta Dəhliz üzrə rəqəmsal logistika, innovasiya, yüksək texnologiyalar, müdafiə sənayesi, təhsil, humanitar və mədəniyyət sahələrini də əhatə edir", – deyə Tofiq Abbasov vurğulayıb.
O qeyd edib ki, alman texnologiyalarının Azərbaycana cəlb olunması, qarşılıqlı investisiyaların genişləndirilməsi və innovativ layihələrin həyata keçirilməsi iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən olacaq. İnnovasiyalar resurslardan daha səmərəli istifadə edilməsinə, yeni layihələrin maya dəyərinin azalmasına və qarşıya qoyulan məqsədlərə daha qısa müddətdə nail olunmasına imkan yaradır. Bu baxımdan innovativ inkişaf Azərbaycan–Almaniya əməkdaşlığının əsas sütunlarından biri olacaq. Avropa İttifaqı ilə Azərbaycan arasında qarşılıqlı etimadın güclənməsi də səfərin mühüm nəticələrindən biridir.
"Berlin hesab edir ki, regionda davamlı sülh və təhlükəsizlik yalnız Cənubi Qafqaz üçün deyil, bütövlükdə Avrasiya məkanının sabitliyi baxımından da mühüm əhəmiyyət daşıyır. Mövcud geosiyasi gərginliklər fonunda Azərbaycanın təşəbbüsləri regional təhlükəsizliyə mühüm töhfə verir", – deyə politoloq bildirib.
Tofiq Abbasov Azərbaycanın regionda lider mövqeyinin beynəlxalq tərəfdaşlar tərəfindən də qəbul edildiyini diqqətə çatdırıb.
"İqtisadi göstəricilər, tranzit imkanları, təhlükəsizlik və beynəlxalq nəqliyyat marşrutlarının fəaliyyəti baxımından Azərbaycanın rolu regionda həlledicidir. Bu da Almaniya ilə əldə olunan razılaşmaların miqyasında və məzmununda aydın şəkildə öz əksini tapır. Berlin razılaşmaları Azərbaycan–Avropa əməkdaşlığının uzunmüddətli inkişafına, regional sabitliyin möhkəmlənməsinə və ölkəmizin geosiyasi nüfuzunun daha da artmasına mühüm töhfə verəcək", – deyə politoloq əlavə edib.
Müxbir – Səbinə Əlizadə