Politoloq: Konstansa limanı Orta Dəhlizin əsas qovşağına çevrilir
Bakı, 30 iyun, AZƏRTAC
Konstansa limanı və Dunay nəqliyyat sistemi Asiya ilə Avropa arasında tranzit daşımalarının inkişafı baxımından strateji əhəmiyyətə malikdir.
Bu fikri AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında rumıniyalı politoloq Yulian Kifu səsləndirib.
Onun sözlərinə görə, Çin və Mərkəzi Asiya ölkələrindən Avropaya konteyner yüklərinin daşınması üçün ən səmərəli marşrutlar Qara dəniz və Konstansa limanı vasitəsilə keçə bilər. O qeyd edib ki, bu marşrut Avrasiya ticarəti üçün ən qısa və perspektivli nəqliyyat istiqamətlərindən biridir.
Ekspert hesab edir ki, Dunay çayından istifadə xüsusi əhəmiyyət daşıyır. Belə ki, bu çay Avropanın bir sıra paytaxtlarını birləşdirir və kanallar sistemi vasitəsilə Avropa İttifaqının daxili bazarlarına çıxışı təmin edir. Eyni zamanda, çay nəqliyyatı ən qənaətcil yükdaşıma üsulu olaraq qalır ki, bu da marşrutun rəqabət qabiliyyətini artırır.
Yulian Kifu, həmçinin vurğulayıb ki, bu istiqamətin inkişafı Süveyş kanalı üzərindən keçən, həddindən artıq yüklənmiş və siyasi baxımdan həssas marşrutlardan asılılığın azalmasına imkan verir.
Müəllif – Tamilla Məmmədova