Polkovnik: Kəlbəcərdəki partlayış ermənilərin mina terrorunun davamıdır
Bakı, 15 dekabr, AZƏRTAC
Kəlbəcərdəki partlayış ermənilərin mina terrorunun davamıdır. Dünya bu terrorun qorxunc nəticələrini görməlidir.
Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu hadisə ermənilərin mina terrorunun miqyasından, qorxunc fəsadlarından bir daha xəbər verir: “Dekabrın 14-də Kəlbəcər rayonunun Çıraq kəndində səkkiz nəfərin minaya düşməsi, bir nəfərin həlak olması və yeddi nəfərin yaralanması ilə nəticələnən hadisə bir daha göstərdi ki, Ermənistanın Azərbaycana qarşı mina terroru bütün şiddəti ilə davam edir. Artıq iki ildir ki, müxtəlif bəhanələrlə sülh sazişi imzalamaqdan yayınan Ermənistan, belə təxribatlarla vəziyyəti xeyrinə dəyişməyə, terror aktları hesabına nəyəsə nail olmağa çalışır”.
C.Xəlilov vurğulayıb ki, dünya birliyi Ermənistanın mina terrorunu dayandırması üçün rəsmi İrəvana təzyiq göstərməlidir: “Ermənistanın bununla heç nəyə nail ola bilməyəcəyi aydındır və rəsmi İrəvan bu həqiqəti dərk etməlidir. Eyni zamanda, beynəlxalq ictimaiyyət, dünya birliyi erməni terrorunu görməli, Ermənistanın mina terrorunu dayandırması üçün rəsmi İrəvana təzyiq göstərməlidir. Belə təzyiqin olmaması Ermənistanı oxşar terror əməllərinə daha da ruhlandıra bilər ki, bu da yeni qurbanlarla yanaşı, həm də regionda vəziyyətin daha da mürəkkəbləşməsi, qarşıdurma riskinin artması deməkdir.
Əminliklə bildirirəm ki, Ermənistan bütün cinayətləri kimi bu əməlinə görə də gec-tez cavab verəcək, layiqli cəzasını alacaq”, -deyə o əlavə edib.