Polkovnik: Laçın nəzarət-buraxılış məntəqəsinin atəşə tutulması regionda sülhü istəməyən qüvvələrin olduğunu göstərir
Bakı, 15 iyun, AZƏRTAC
Laçın nəzarət-buraxılış məntəqəsinin atəşə tutulması göstərir ki, regionda sülhün təminatında maraqlı olmayan qüvvələr var.
Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.
Polkovnik qeyd edib ki, baş verən hadisə Azərbaycanla Ermənistan arasında sülhün qarşısını almağa hesablanıb: “Erməni təxribatçılarının Laçın nəzarət-buraxılış məntəqəsini atəşə tutması Ermənistandakı bəzi qüvvələrin - separatçıların Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalana biləcəyindən ciddi narahatlıq keçirdiyini göstərir. Əslində, bu olay iki tərəf arasında gərginliyi artırmaq, sülh prosesinə zərbə vurmağa hesablanıb. Bu cür insidentlərlə Qarabağdakı ermənilərin Azərbaycana inteqrasiyasının da qarşısını almağa çalışırlar.
Onun sözlərinə görə, baş verən bu hadisədə Rusiyanın da məsuliyyət payı böyükdür. Çünki həmin ərazilərdə sülhyaratma missiyası 2020-ci il 10 noyabr Bəyanatına əsasən rus hərbçiləri tərəfindən həyata keçirilir. Laçındakı nəzarət-buraxılış məntəqəsinin atəşə tutulması faktı göstərir ki, Rusiya tərəfi 10 noyabr Bəyanatı ilə üzərinə götürdüyü missiyanı yerinə yetirə bilmir və ya yerinə yetirməkdə maraqlı deyil.
“Artıq məlum faktla bağlı Azərbaycanın müvafiq qurumları tərəfindən cinayət işi qaldırılıb, Laçın nəzarət-buraxılış məntəqəsindən keçid dayandırılıb. Ölkəmiz bu cinayəti törədənlərin tapılması və məsuliyyətə cəlb olunmasında israrlıdır. Odur ki, separatçıların, rusiyapərəst qüvvələrin bütün cidd-cəhdinə rəğmən həmin şəxslər tapılaraq məsuliyyətə cəlb olunacaq, törətdikləri əmələ görə qanun qarşısında cavab verəcəklər”, - Cəlil Xəlilov vurğulayıb.