Polşa mətbuatında Xocalı soyqırımının ildönümü ilə bağlı məqalə yayılıb
Bakı, 26 fevral, AZƏRTAC
Polşa mətbuatında politoloq Bartoş Mendıkın Xocalı soyqırımının 23-cü ildönümünə həsr edilən məqaləsi yayılıb.
Azərbaycanın Varşavadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, müəllif Dağlıq Qarabağ münaqişəsinin qanlı səhifələrindən biri olan Xocalı soyqırımı haqqında geniş məlumat verir.
Müəllif yazır ki, Stalinin “parçala və hakim ol” prinsipinə əsaslanan siyasəti nəticəsində Zaqafqaziya və həmçinin Mərkəzi Asiyada yeni anklavlar, muxtar rayonlar yaranır, respublikaların ərazilərində dəyişikliklər aparılırdı. Azərbaycan Respublikasına aid olan Zəngəzur vilayətinin 1920-ci illərdə Ermənistana birləşdirilməsi, Naxçıvanın bütün ölkə ərazisindən ayrı düşməsi və anklava çevrilməsi məhz qeyd olunan siyasətin nəticəsi idi.
Bartoş Mendık qeyd edir ki, Sovet İttifaqı dağıldıqdan sonra Ermənistanın Azərbaycana qarşı düşmənçilik siyasəti müharibəyə çevrilib. 1988-1994-cü illərdə aparılan hərbi əməliyyatlar nəticəsində yüz minlərlə azərbaycanlı Ermənistan və Qarabağdan qovulub.
Xocalıda baş verən hadisələri izah edərkən isə müəllif şəhərin strateji əhəmiyyətini xüsusi olaraq qeyd edir. Bildirir ki, o zaman Dağlıq Qarabağ ərazisində fəaliyyətdə olan yeganə hava limanı Xocalı şəhərində idi, həmçinin regionun ən böyük şəhərinə - Xankəndiyə gedən yolun Xocalıdan keçməsi şəhərin strateji əhəmiyyətini artırırdı.
Qeyd edilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal edib, yüzlərlə insan qətlə yetirilib, əlil olub, minlərlə Xocalı sakini əsir götürülüb. Soyqırımına cavabdeh olan mayor Seyran Ohanyan general rütbəsinə qədər yüksəlmiş və hazırda Ermənistanın müdafiə naziridir. Rəsmi Yerevan indiyə kimi Xocalıda baş vermiş hadisələri sadəcə hərbi əməliyyat kimi qiymətləndirir və məsuliyyəti öz üzərinə götürmək istəmir.
Məqalənin sonunda Bartoş Mendık Xocalı soyqırımı ilə bağlı dünya mətbuatından bir çox çıxarışları sadalayaraq, Dağlıq Qarabağ münaqişəsi və Xocalı şəhərində baş verən faciə haqqında geniş məlumat almaq istəyən şəxslərin www.justiceforkhojaly.org internet səhifəsinə daxil ola biləcəklərini diqqətə çatdırıb.